Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 38 milyard 165,7 milyon manatlıq əməliyyat aparılıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 21 milyard 558,7 milyon manat və ya 2,3 dəfə çoxdur.
Bunun da 6 milyard 7,4 milyon manatlıq hissəsi ilkin bazarda , 32 milyard 158,3 milyon manatlıq hissəsi isə təkrar bazarda formalaşıb. İlkin bazarda formalaşan əməliyyatların həcmi 36,4 milyon manat və ya 0,6%, təkrar bazarda formalaşan əməliyyatların həcmi isə 21 milyard 595,1 milyon manat və ya 3 dəfə artıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 61 min 040 əqd bağlanılıb. Bu, illik müqayisədə 51 min 378 min əqd və ya 6,3 dəfə çoxdur. Əqdlərin 51 min 127-si ilkin bazarın , 9 913-ü isə təkrar bazarın payına düşüb. İlkin bazarda bağlanmış əqdlərin sayı 49 min 274 ədəd və ya 27,6 dəfə, təkrar bazarda formalaşmış əqdlərin sayı isə 2 min 104 ədəd və ya 27% artıb.
Yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 5 milyard 269,4 milyon manatlıq hissəsi və yaxud 13,8 %-i dövlət qiymətli kağızlarının, 2 milyard 815,8 milyon manatlıq hissəsi və yaxud 7,4 %-i korporativ qiymətli kağızların, 30 milyard 80,6 milyon manatlıq hissəsi və yaxud 78,8 %-i isə repo əməliyyatlarının payına düşüb.
İllik müqayisədə korporativ qiymətli kağızlar bazarında aparılmış əməliyyatların həcmi 1 milyard 82,1 milyon manat və ya 62,4% artıb, dövlət qiymətli kağızlarında aparılmış əməliyyatların həcmi 910,4 milyon manat və ya 14,7% azalıb, repo-əks repo qiymətli kağızlar bazarında aparılmış əməliyyatların həcmi isə 21 milyard 558,3 milyon manat və ya 2,3 dəfə artıb.
Bu bazarda bağlanmış əqdlərin isə 2 114-ü və yaxud 3,5 %-i dövlət qiymətli kağızlarının, 52 329-u və yaxud 85,7 %-i korporativ qiymətli kağızların, 6 597-si və yaxud 10,8 %-i isə repo əməliyyatlarının payına düşüb. Dövlət qiymətli kağızları əməliyyatları üzrə bağlanmış əqdlərdə 109 əqd və ya 5% az, korporativ qiymətli kağızları əməliyyatları üzrə bağlanmış əqdlərdə 49 min 347 əqd və ya 17,5 dəfə, repo əməliyyatları üzrə bağlanmış əqdlərin sayında isə 2 min 140 ədəd və ya 48% artıb.