"Bu gün dünyanın əksər ölkələrində Blokçeyn (Blockchain) texnologiyasının müxtəlif sahələrdə tətbiqi istiqmətində ciddi irəliləyişlər müşahidə olunur. Blokçeyn texnologiyası yeni dövrün tələbidir. Bu texnologiya məlumat və ya əməliyyatın kriptoqrafik standratlara və onlayn rejimə keçidini təmin edir. Təəssüf ki, Azərbaycanda blokçeynə olan maraq arzulanan səviyyədə deyil".
FED.az xəbər verir ki, bunu mediada blokçeyn texnologiyası və kriptovalyutanın təbliğ olunmasında xüsusi fəallıq göstərən tanınmış jurnalist Nicat Dağlar deyib. Onun sözlərinə görə, banklarımızın bir çoxu, eləcə də, dövlətin müvafiq qurumları blokçeyn texnologiyasına lazımı maraq göstərmirlər:
"Bəlkə də heç xəbər tutmayıblar. Sanki bir laqeydlik müşahidə olunur. Dünya isə bizi gözləmir və sürətlə alqoritmik həyata doğru gedir. Belə bir vaxtda biz prosesə fəal qoşulmasaq, bunun fəsadlarını bir neçə ildən sonra açıq şəkildə hiss edəcəyik".
Nicat Dağlar qeyd edib ki, insanlar Blokçeyndən daha çox kriptovalyutadan danışırlar və daha çox elektron pula maraq göstərirlər:
"Amma unudurlar ki, kriptovalyuta blokçeyn texnologiyasından doğan bir elementdir. Biz Blokçeyni mənimsəməsək, kriptovalyuta haqqında təsəvvürlərimiz dərin olmayacaq. Kriptovalyutanı Blokçeynsiz təsəvvür eləmək mümkün deyil. Bitcoin-i, Ethereum-u, Litecoin-i və digər kriptovalyuta növlərini yaradan məhz Blokçeyn texnologiyasıdır".
Mütəxəssis Azkoin adlı elektron valyuta layihəsindən də söz açıb:
"Azkoin (Azcoin - AZC) dünyada ilk milli kriptovalyuta layihəsidir. Bilirəm ki, Azkoinin məxsusi alqoritmi artıq əldə olunub. İstifadəsi və krtiptovalyuta ailəsinə daxil olması üçün tələb olunan texniki bazanın formalaşdırılması xüsusunda bütün təməl elementlər işlənilib. Azkoin üzərində təkcə yerli deyil, həm də bu sahədə ixtisaslaşmış yüksək səviyyəli xarici mütəxəssislər çalışıb. Bu, çox nəhəng layihədir və üzərində böyük bir komanda işləyir. Birinci mərhələ üçün nəzərdə tutulan işlər yekunlaşmaq üzrədir. Artıq smartfonlar üçün rəqəmsal cüzdanlar da hazırdı. Android proqramları üçün nəzərdə tutulan cüzdanları çox asanlıqla Google Play-dən yükləmək mümkündür. Yaxın günlərdə İPhone-Apple üçün nəzərdə tutulan elektron cüzdanlar da hər kəs üçün əlçatan olacaq. Dediyim odur ki, Azkoin artıq hazır məhsuldur, bir komanda verməklə aktivləşə biləcək səviyyədədir. Azkoini yaradan, onun etibarlı kriptovalyuta kimi dünya miqyasına çıxarılması üçün tələb olunun bütün əməliyyatları həyata keçirən komandanın istəyi odur ki, dünyada ilk nümunələr yaradan ölkəmiz bu sahədə də öncüllərdən olsun və rəqəmsal dünyaya inteqrasiya prosesi bilavasitə dövlətimizin nəzarəti altında həyata keçirilsin. Bu, Azkoinin (AZC) ideya müəlliflərinin də, yaradıcı komandanın da əsas hədəfidir”.
Nicat Dağlar Azcoin.az saytının kriptovalyuta alışı və satışı ilə məşğul olmadığını da deyib:
“Azcoin.az saytı Azkoin layihəsi üzrə maarifləndirici funksiya yerinə yetirir. Burada insanlarımız Azkoinin özəllikləri və spesifik tərəfləri barədə təməl biliklər əldə edə bilərlər. Gələcəkdə nə olacaq, bunu artıq gedişat göstərəcək.
Azcoin.az saytında forum da aktiv fazadadır. Saytın yaradıcıları Blokçeyn texnologiyası və kriptovalyutaya maraq göstərən insanları forumda aktiv iştirak etməyə dəvət edirlər. Kimi hansı sual maraqlandırırsa, buyurub forumun imkanlarından istifadə edə bilər. Məsələn, mən özüm də bu forumda aktiv iştirak edirəm. Ümumiyyətlə, çalışıram ki, Blokçeyn texnologiyası və kriptovalyuta sahəsindəki bütün yeniliklərdən xəbər tutum. Bilirəm ki, gələcək məhz bu texnologiyanın üzərində qurulur və biz də əvvəl-axır axına qoşulmalı olacağıq".
Cebhe.info