14 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Ferrum Kapital” QSC-nin ümumi dəyəri 5 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
FED.az Birjaya istinadən xəbər verir ki, Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 5000 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 11,5%, tədavül müddəti 12 ay, faizlərin ödəniş müddəti 1 aydan birdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
"Ferrum Capital" Azərbaycanın ilk müstəqil faktorinq şirkəti və "AGA Group" şirkətlər qrupunun bir üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri təqdim edir. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.