«Azərgold» şirkəti bir qədər əvvəl dövriyyəyə buraxdığı «qızıl istiqrazları» üzrə ilk ödənişini edib.
Eləcə də bax: «AzerGold»un dollar istiqrazlarına ikiqat tələb – HƏRRACIN NƏTİCƏLƏRİ AÇIQLANDI
Şirkətdən FED.az-a bildirilib ki, 24 dekabr 2020-ci il tarixində «AzerGold» istiqrazlarının ilk rüblük faiz ödənişi həyata keçirilib. İstiqraz sahiblərinə ümumilikdə 200 min ABŞ dolları həcmində vəsait ödənilib.
Qeyd edək ki, «qızıl istiqrazlar»ı qeyri-neft sənayesinin liderlərindən biri olan «AzerGold» QSC-nin maliyyə mənbələrinin şaxələndirilməsi, yeni layihələrin icrasına yönəldilməsi ilə yanaşı ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmaq məqsədinə xidmət edir.
Belə ki, bu istiqrazlar üzrə illik gəlirlilik yerli bankların xarici valyutada əmanətlər üçün təklif etdiyi illik faiz dərəcələrindən daha yüksək – 4 faiz gəlirlilik təşkil edir.
«AzerGold»un istiqrazları geniş xalq kütləsi üçün əlçatan investisiya alətidir. İstiqrazları ümumi həcmi 20 milyon dollar olsa da, bir istiqrazın nominal qiyməti 100 ABŞ dolları təşkil edir. Bu da imkan verir ki, istiqrazları şirkətlərlə bərabər məhz siravi vətəndaşlarda alıb faydalansınlar.
3 illik müddətə buraxılan istiqrazlar üzrə ildə 4 dəfə ödəniş edilir, istiqraz müddətinin sonunda isə istiqrazın nominal dəyəri vətəndaşa geri qaytarılır.
Məhz bu üstünlüklərinə görə, «AzerGold» istiqrazlarının Bakı Fond Birjasında həm birinci, həm də ikinci satışında istiqrazlara böyük tələbat olub, tələbat təklifi orta hesabatla 2 dəfədən çox üstələyib.
Konkret olaraq hər tranş üzrə 10 milyon ABŞ dolları həcmində yerləşdirilən istiqrazlara 1-ci hərracda 25.5 milyon, 2-ci hərracda 18 milyon ABŞ dolları məbləğində sifariş toplanıb.
Bir sözlə, hazırda ölkənin maliyyə bazarı üçün ən əlverişli şərtlərlə təqdim edilən investisiya alətlərindən hesab olunan “AzerGold” istiqrazları ölkəmizdə həyata keçirilən dayanıqlı iqtisadi siyasətin təzahürü kimi dövlətin həyata keçirdiyi maliyyə siyasətinin tərkib hissəsi olan qiymətli kağızlar bazarının inkişafı fonunda maliyyə alətlərinin müxtəlifliyini və maliyyə bazarlarının dərinliyini artırır, qeyri-neft sektorunun əhatəsini daha da genişləndirir.
Xatırladaq ki, “AzerGold” istiqrazlarının birinci və ikinci tranş üzrə hərracları cari ilin 24 sentyabr və 30 noyabr tarixlərində Bakı Fond Birjasında keçirilib. İstiqrazların orta ölçülmüş qiyməti 1-ci tranş üzrə 101.7 ABŞ dolları, 2-ci tranş üzrə isə 102.4 ABŞ dolları təşkil edib. “AzerGold” istiqrazları üzrə növbəti rüblük faiz ödənişi isə 2021-ci ilin mart ayında baş tutacaq.