Azərbaycanda qiymətli kağızlarla marja ticarətinin təşkilinə dair yeni tələblər müəyyənləşib.
Eləcə də bax: Bu gündən SOCAR-ın yeni istiqrazlarının - SATIŞI BAŞLAYIR - QİYMƏTLƏR, ŞƏRTLƏR
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiqlənən “Marja ticarəti Qaydası”nda əksini tapıb.
Marja ticarəti investora baza aktivini (qiymətli kağız, valyuta, faiz dərəcələri, gəlirlilik, törəmə maliyyə alətləri, əmtəə, maliyyə indeksi, kredit riskləri və s.) və ya bu baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsinin öz vəsaiti və ya borc vəsaitləri ilə alınıb sonradan satılmasının təşkili üzrə investisiya xidmətidir.
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən fond birjasında ticarətə buraxılmış və ən azı aşağıdakı uyğunluq tələblərinə cavab verən investisiya qiymətli kağızları marja ticarətinin predmeti ola bilər:
- qiymətli kağızların altı aydan çox müddətdə listinqdə olması;
- ticarətə qəbul olunan qiymətli kağızların sayının 10 mindən az olmaması;
- qiymətli kağızın son altı ay ərzində ticarət həcminin orta aylıq ticarət həcminə (bazarda cəmi ticarət həcminin müvafiq ayların sayına bölünməsi) bərabər və ya ondan çox olması;
- qiymətli kağızın fond birjasının daxili qaydalarına əsasən marja ticarətinin baza aktivi olaraq riskli hesab edilməməsi və ya delistinq prosesində olmaması.
- Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən fond birjası qiymətli kağızlarla marja ticarətinin təşkilinə dair daxili qaydalar müəyyən edir və bu qaydalar ən azı aşağıdakıları əhatə edir:
- marja ticarətinin predmeti ola biləcək qiymətli kağızlara dair tələblər;
- sifariş növləri və kotirovkalar;
- ticarətin keçirilməsi və əqdlərin bağlanması;
- marja tələbləri, qiymət addımı və lot ölçüsü;
- ticarət günləri, ticarət saatları və ticarət reqlamenti.
Fond birjası marja ticarətinin predmeti ola biləcək qiymətli kağızların siyahısını öz rəsmi internet səhifəsində açıqlayır. Müştəri onun hesabına daxil edilən faizləri, dividendləri və digər gəlirlərini marja kəsiri yaratmadıqca və ya mövcud marja kəsirini artırmadıqca geri çəkə bilər. Marja ticarəti vasitəsilə repo əməliyyatları həyata keçirilə bilməz.
Azərbaycan Respublikası ərazisində marja ticarəti ilə bağlı qəbul edilən sifarişlər üzrə əməliyyatlar xarici ölkələrin fond birjalarında həyata keçirildikdə, qiymətli kağızların marja ticarətinə dair uyğunluq tələbləri həmin ölkənin hüquqi aktları və ya fond birjasının daxili qaydaları ilə müəyyən edilir. (Apa)