Bakı Fond Birjası (BFB), Milli Depozit Mərkəzi (MDM) və maliyyə texnologiyaları sahəsində qabaqcıl korporasiyalardan biri olan ABŞ-ın “Montran” şirkəti tərəfindən yaradılan Qiymətli Kağızlar üzrə Ticarət Sistemi (BETP) və Mərkəzi Depozitar platforması (CEDAR) istifadəyə verilib.
FED.az bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, yeni yaradılan sistemlər qiymətli kağızlarla həyata keçirilən biznes prosesləri səmərəli şəkildə idarə etməyə imkan verir. Bu sistemlər ən yaxşı təcrübələrə və ISO 20022 standartlarına uyğun olaraq qurulub.
"BETP Ticarət Sistemi, CEDAR adlı Mərkəzi Depozitar Sistemi Azərbaycanın Kapital Bazarı İnfrastrukturunun təkmilləşdirilməsində və ölkənin qiymətli kağızlar bazarının dayanıqlı şəkildə inkişaf etdirilməsində mühüm rol oynayacaqdır. BETP Ticarət Sistemi vasitəsilə qiymətli kağızlar real vaxt rejimində alqı-satqısına və repo əməliyyatlarının həyata keçirilməsinə imkan verir", - məlumatda deyilir.
Xatırladaq ki, “Bakı Fond Birjası” QSC Azərbaycanda fəaliyyət göstərən yeganə fond birjasıdır. Bakı Fond Birjasının əsas missiyası maliyyə vəsaitlərinin yerli emitentlər tərəfindən cəlb olunması üçün vasitələrin geniş spektrinin təmin olunması vasitəsilə Azərbaycanın iqtisadi artımına yardım, maliyyə sistemində satış qabiliyyətinin təkrar paylanması üçün platformanın təmin olunması, yerli və əcnəbi investorlar üçün şəffaf investisiya mühitinin təqdim olunmasıdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür