Azərbaycanın qiymətli kağızlar bazarında törəmə maliyyə alətləri (Foreks) ilə aparıdan əməliyyatların kəskin arımı müşahidə edilib. FED.az xəbər verir ki, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının 2018-ci ilin ilk 3 ayı üzrə açıqladığı rəqəmlərdən məlum olur.
Palatanın məlumatına görə, bu dövrdə Foreks bazarında 2 milyard 557 milyon manatlıq əməliyyat aparılıb. Ötən ilin birinci rübündə bu göstərici 953 milyon manat idi, başqa sözlə ötən illə müqayisədə artım 2,7 dəfə olub.
Törəmə alətlərlə əməliyyatların 2 milyard 295 milyon manatı və ya təqribən 90%-i valyutalarla, qalan 262 milyon manat və ya 10% isə əmtəələrlə əməliyatların payına düşüb.
Ötən illə müqayisədə valyuta ilə aparılan əməliyyatların sayı 25,5 dəfə, əmtəə ilə əməliyyatların həcmi isə 4,7 dəfə çoxalıb.
Foreks əməliyyatlarının həcmi ilə yanaşı sayında da kəskin artım baş verir. Belə ki, ötən il bu sahədə 16 822 əməliyyat aparılıbsa, bu il həmin göstərici 54% artaraq 25 905-ə çatıb.
Ötən il Foreks bazarındakı hər əməliyyatın orta məbləği 56,6 min dollar təşkil edirdisə, bu il həmin göstərici 98,7 min dollara yüksəlib.
Bu göstəricilər həm Forekslə əməliyyat aparanların sayının, həm də əməliyyatların həcminin, ümumilikdf bu bazara marağın kəskin artımını göstərir.
Xatırladaq ki, Forekslə əməliyyatları dünya bazarında müxtəlif valyuta məzənnələrinin və əmtəələrin qiymətinin dəyişməsi və yaranan qiymət fərqinə əsaslanır.
Bu sahədə əməliyyatların artımının əsas səbəblərindən biri investorların qiyməli kağızlar bazarına marağının və inamının artmasıdır – Foreks əməliyyatının orta məbləğinin yüksəlməsi bunu sübut edir. Əməliyyatların sayının artması isə alternativ yatırım imkanlarının az olması ilə bağlıdır.