Qlobal bazarda aparacı virtual kriptovalyuta sayılan bitkoinin qiyməti 7,8 min ABŞ dolları həddini keçib. Hazırda dünyanın ən məşhur kriptovalyutasına kapital yatırımı 124 milyard dollara çatıb. İqtisadçı Vüqar Bayramov deyib ki, bitcoin həm yığım, həm də tədavül vasitəsi kimi istifadə olunur:
“Nəticə etibarilə bitcoində pul saxlayan vətəndaş yığım etməklə, həm də gəlir qazana bilir. Bir müddət əvvələ qədər bitcoinlərin qiyməti 4 min dollar idi. Hazırda isə 8 min dollar həddinə yaxınlaşmaq üzrədir. Beynəlxalq Valyuta Fondu və digər qurumlar mərkəzləşmiş valyuta olduğuna görə, bitcoində müəyyən risklər olduğunu etiraf edirlər. Hazırda valyutaya tələb yüksək olduğu üçün qiymətlərin artmasına gətirib çıxarır. Baxmayaraq ki, bir sıra beynəlxalq agentliklər bitcoinin qiyməti 8 min dolları keçdikdən sonra risk səviyyəsinin yüksələcəyini bildirirlər. Buna rəğmən bitcoinin qiymətində artımlar davam edir. Hazırda bazarın həcmi 124 dollara qədər yüksəlib. Bitcoinin ümumi kapitalizasiya dövriyyəsi 200 milyon dollardan çoxdur”.
Ekspert bildirib ki, kriptovalyutanın Azərbaycanda istifadəsinə hər hansı qadağa yoxdur:
“Bu pulu əldə etmək istəyənlər bitkoinin internet səhifəsinə daxil olub özləri üçün pulqabı yarada bilərlər. Həmin pulqabı vasitəsilə bitkoin sifariş etmək mümkündür. Eyni zamanda, qeydiyyatdan keçdikdən sonra yaşadığınız şəhərdə kimlərin bitkoinlərini satışa çıxartdığını da izləyə bilərsiniz. Bitkoinlərdən kredit kartı kimi istifadə etmək, virtual ödənişlər etmək, bilet almaq, internet üzərindən hər hansısa sifariş həyata keçirmək mümkündür. Bitkoin əslində ən sadə ödəmə vasitəsidir. Həmçinin, bitkoinlərin yığım funksiyası da var. Burada yığılan vəsaiti qiymət artımları baş verdiyi halda sonradan daha yüksək dəyər ilə nağdlaşdırmaq mümkündür. Göründüyü kimi, bitkoin ilk baxışdan cəlbedicidir.
Azərbaycanda vəsaitin bitcoində saxlanması üçün hər hansı qadağalar yoxdur. Bitcoinlər virtual pul olduğu üçün tənzimlənməsi doğru deyil. Bu baxımdan güman olunur ki, bitcoinlərin qiyməti artmaqda davam edəcəksə, Azərbaycanda da marağın yüksələcəyini müşahidə edəcəyik. Bir qayda olaraq, bitcoin həm də yığım vasitəsidir. Bitcoinə investisiya edənlər praktik olaraq gəlir əldə etmək imkanı qazanır. Amma bütün hallarda risk var. Bunun üçün də riskləri göz önündə tutaraq qərarlar alınmasına ehtiyac var”.