2025-ci ilin yanvar-dekabr aylarının yekunlarına əsasən, investisiya şirkətlərinin birja dövriyyəsinin illik müqayisədə artım və azalma dinamikası məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bəzi şirkətlərin əməliyyat həcmlərində kəskin artım, bəzilərində isə ciddi azalma müşahidə edilib.
Renkinqə "Troni İnvestisiya Şirkəti" QSC başçılıq edir. Şirkətin dövriyyəsi ötən illə müqayisədə 55,6 dəfə və ya 607 milyon manat artıb.
İkinci yerdə "MFX Trading İnvestisiya Şirkəti" qərarlaşıb – burada artım 3,6 dəfə və ya 143,3 milyon manat olub.
"Xalq Kapital İnvestisiya Şirkəti" QSC 2,7 dəfə və ya 1 milyard 305 milyon manat artım tempi ilə üçüncü sırada yer alıb. "Invest-Az İnvestisiya Şirkəti" QSC-də isə artım 2,2 dəfə və ya 1 milyard 373 milyon manat təşkil edib.
Digər şirkətlər üzrə artım göstəriciləri aşağıdakı kimidir:
ASC "Xalq" Bankı birja əməliyyatlarını 100% və ya 5,6 milyon manat artırıb.
"CPM-İnvest İnvestisiya Şirkəti" QSC-də 96% və ya 3 milyard 309 milyon manat artım qeydə alınıb. "İnno Kapital İnvestisiya Şirkəti" ASC 83% və ya 149,7 milyon manat artım nümayiş etdirib.
Bazarın lideri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin dövriyyəsi 67% və ya 17 milyard 885 milyon manat artıb.
"Capital Partners İnvestisiya Şirkəti" QSC (25% və ya 266,1 milyon manat) və "Unicapital İnvestisiya Şirkəti" ASC (18% və ya 663,9 milyon manat) də artım göstərən şirkətlər sırasındadır.










