Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin 2026-cı ilin ilk iki ayı üzrə birja dövriyyəsinin illik müqayisəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə birja dövriyyəsində ciddi artım qeydə alınıb və reytinqə daxil olan şirkətlərin böyük əksəriyyəti göstəricilərini dəfələrlə yaxşılaşdırıb.
Siyahıya ən yüksək artım dinamikası ilə "Inno Kapital İnvestisiya Şirkəti" ASC rəhbərlik edir. Şirkətin dövriyyəsi ötən ilki 21,5 milyon manatdan 181,9 milyon manata yüksələrək 8,5 dəfə (160,4 milyon manat) artıb.
"CPM-Invest İnvestisiya Şirkəti" QSC-nin dövriyyəsi isə 626,7 milyon manatdan 1 milyard 611 milyon manata çatmaqla 2,6 dəfəlik (984,3 milyon manat) artım nümayiş etdirib.
"Unicapital İnvestisiya Şirkəti" ASC-də də oxşar dinamika müşahidə olunub; şirkətin göstəricisi 434,4 milyon manatdan 974,7 milyon manata çataraq 2,2 dəfə (540,3 milyon manat) artıb.
Artım göstəriciləri faizlərlə ifadə olunan digər şirkətlər də müsbət tendensiya nümayiş etdiriblər. Belə ki, "Invest-Az İnvestisiya Şirkəti" ASC-nin dövriyyəsi 403,1 milyon manatdan 681,5 milyon manata yüksələrək 69,1 faiz (278,4 milyon manat), "MFX Trading İnvestisiya Şirkəti"nin dövriyyəsi isə 7,6 milyon manatdan 12 milyon manata çataraq 57,8 faiz (4,4 milyon manat) artıb.












