2026-cı ilin ilk iki ayı (yanvar-fevral) üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin birja əməliyyatlarının həcminə görə renkinqi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, siyahıya əsasən, lider "ABB İnvest İnvestisiya Şirkəti" QSC olub.
Məlumata görə, cari ilin yanvar və fevral aylarında "ABB İnvest"in cəmi əməliyyatlarının həcmi 8 milyard 7 milyon manat təşkil edib.
Renkinqin ikinci pilləsində 3,55 milyard manat dövriyyə ilə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC yer alıb. Üçüncü ən böyük əməliyyat həcminə isə 1,61 milyard manatla "CPM-İnvest İnvestisiya Şirkəti" QSC sahib olub.
Hesabat dövründə yalnız 4 investisiya şirkəti 1 milyard manatlıq dövriyyə həddini aşmağı başarıb. İlk üçlüklə yanaşı, "Assist Finance" də 1 milyard 74 milyon manat həcmlə dördüncü yerdə möhkəmlənib.
İlk beşliyi isə 1 milyard manat həddinə çox yaxınlaşan "Unicapital" (974,7 milyon manat) tamamlayıb.
Siyahının son pillələrində isə müvafiq olaraq "MFX Trading" (12 milyon manat), "CFI FİNANCİAL" (3,2 milyon manat) və ASC "Xalq" Bankı (1,9 milyon manat) qərarlaşıb.












