Yaxın vaxtlarda Azərbaycanda bəzi layihələrin, o cümlədən infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün yeni üsuldan istifadəyə başlanacaq.
Eləcə də bax: Azərbaycanda buraxılacaq islam istiqrazlarına - Müştəri Tapılacaqmı?
FED.az xəbər verirki, söhbət islam istiqrazları sayılan sukukdan gedir. İslam ölkələrində sukuk artıq çoxdan uğurla maliyyələşmə alətlərindən biri sayılır və bu alətin bazarı ildən ilə böyüyür. Sukuk-u islat istiqrazları da adlandırırlar amma onun adi istiqrazlardan fərqi faiz gəlirinin olmamasındadır. Sukuk-u buraxan tərəf alıcıya faiz deyil, layihədən lədə etdiyi real gəlirin bir hissəsini ödəyir.
Qarşıdakı dövrdə infrastruktur layihələrində maliyyələşmə problemləri ilə rastlaşa bilən Azərbaycan da artıq sukuk maliyyələşdirməsi ilə maraqlanır. Bu alətin tətbiqi ölkəyə islam investorlarını cəlb etməyə kömək edəcək. Adi istiqrazlara faizə görə maraq göstərməyən islam investoları Sukuk-a etibar edirlər.
Oktyabrın 26-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası (İCD), İslam İnkişaf Bankının Qrup Biznes Forumu (THIQAH) və İqtisadi İslahatların Təhlili Mərkəzinin (İİTKM) təşkilatçılığı ilə «Sukuk - Azərbaycanda alternativ maliyyələşmə mexanizmi» mövzusunda beynəlxalq konfrans keçirib.
Vebinar formatında, yəni onlayn şəkildə keçirilən konfransda «Sukukun Azərbaycanda infrastruktur və dövlət-özəl tərəfdaşlığı layihələrinin maliyyələşməsində potensial rolu» müzakirə edilib. Eləcə də Sukukun Azərbaycanda gələcək potensialı və tətbiq sahələri mövzusunda da çıxışlar edilib.
Burada bildirilib ki, İslam maliyyə sənayesinin inkişaf etməsi üçün kifayət qədər böyük potensial var. Belə ki, İslam maliyyə sənayesi hazırda 2.88 trilyon ABŞ dolları qlobal maliyyə aktivlərinə sahibdir. Hesablamalara görə isə bu göstəricinin 2024-cü ilə qədər 3.69 trilyon ABŞ dolları olması gözlənilir.
Sukuk Azərbaycana infrastruktur üzrə üzləşə biləcəyi maliyyə çətinliklərinin öhdəsindən daha asan gəlməyə müsbət təsir göstərə bilər. Qlobal səviyyədə də hökumətlər layihələri maliyyələşdirmək, infrastruktur və enerji, bərpa olunan enerji, nəqliyyat, logistika, səhiyyə, təhsil və digər iqtisadi fəaliyyət sahələri üçün resursları səfərbər etmək üçün suveren Sukukdan istifadə edir.
ICD-nin Baş icraçı direktoru Ayman Amin Sejini çıxışı zamanı qeyd edib ki, «Bu vebinar Azərbaycanda şirkətlərin diversifikasiya edilmiş maliyyə mənbələrinə çıxışın əldə edilməsi üçün təşkil edilən yüksək səviyyəli planın bir hissəsidir».
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı isə vurğulayıb ki, «Sukuk Azərbaycanda infrastrukturun inkişaf etdirilməsi yönündə aparıcı mexanizmə çevrilə bilər».
İşləmə mexanizminə görə sukuk tam istiqraz sayılmır – o alıcısına faiz deyil, gəlirdən pay gətirir. Yəni sukuku buraxan tərəf gəlirlə işləməsə, onun alıcısı gəlir əldə edə bilməyəcək. Bu mənada sukuk – istiqraz və səhmin qarışığı sayılır. Sukukun alıcısı, onu buraxan təşkilatın əmlakının savhiblərindən birinə çevrilir. Nəticədə, sukuku buraxan tərəf məsələn həmin əmlakı icarəyə verərsə, icarə haqqını sukuk sahibləri ilə yarı bölməlidir.
Əlavə olaraq, vaxtilə Sukuka pul yatıran investorun likvidliyə ehtiyacı yarandığı, yaxud potensial kapital qazancını əldə etmək istədiyi hallarında bu kağız təkrar bazarda satıla bilən alətdir.
Qeyd edək ki, son dövrlərdə baş verən qlobal pandemiyanın və iqtisadi geriləmənin təsirlərinə baxmayaraq islam maliyyə sistemi inkişaf etməkdədir. Davamlı inkişafda olan alternativ maliyyələşmə mexanizmi ABŞ, Avropa İttifaqı ölkələri kimi inkişaf etmiş ölkələrdə belə tətbiq edilir. UBS, HSBC, City Bank, Lyolds TSD və digər dünyaca məşhur banklar islam pəncərəsi ilə bu xidməti öz müştərilərinə təklif edirlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.