“Dragon Capital” investisiya qrupu $500 milyon məbləğində 5 illik avroistiqrazların yerləşdirilməsində “VF-Ukrayna” PrSC-nin (“Vodafone Ukrayna” brendi altında fəaliyyət göstərir) birgə lid-meneceri qismində çıxış edib.
Eləcə də bax: 16 milyon dollardan çox gəlir – SOCAR İSTİQRAZLARINDAN NÖVBƏTİ FAİZ ÖDƏNİŞİ
FED.az xəbər verir ki, bu barədə “Dragon Capital”ın məlumatında deyilir.
“İnvestorlar tərəfindən tələbin yüksək olması ümumilikdə $3 milyarddan artıq məbləğdə sifariş toplamağa və "Vodafone Ukrayna" PrSC-nin 6.2% kuponla maliyyə vəsaiti cəlb etməsinə şərait yaradıb”, – deyə məlumatda bildirilir.
İstiqrazların emitenti qismində “VFU Funding PLC” çıxış edib, avrobondlar 2 illik opsionla 5 il müddətinə yerləşdirilib.
Avroistiqrazların yerləşdirilməsindən əldə edilən vəsait $464 milyon məbləğində qısamüddətli kreditin təkrar maliyyələşdirilməsinə, eləcə də ümumi korporativ məqsədlərə yönəldiləcək.
Xəbər verildiyi kimi, “NEQSOL Holding” "Bakcell”in nəzarətində olan “Telco Solutions and Investments” MMC vasitəsilə keçən il “MTS” PSC ilə onun Ukraynadakı telekommunikasiya biznesinin satın alınması haqqında saziş imzalayıb. 2019-cu ilin dekabr ayında “Vodafone Ukrayna”nın alınması haqqında sövdələşmə bağlanıb. Sövdələşmənin qiyməti $84 milyon məbləğində təxirə salınmış ödəniş daxil olmaqla, $734 milyon təşkil edib. Müvafiq maliyyə vəsaiti J.P. Morgan və RBI tərəfindən təmin edilib.
“NEQSOL Holdinq” şirkətlər qrupu müxtəlif ölkələrdə və sahələrdə 25 ildən çox fəaliyyət təcrübəsinə malikdir. Şirkətlər qrupu Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Qazaxıstan, BƏƏ və Banqladeşdə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi sahələrində fəaliyyət göstərir. 2000-ci illərin əvvəllərində qrup telekommunikasiya sahəsinə daxil olub. Qrupa daxil olan şirkətlər mobil rabitə, beynəlxalq tranzit və internet magistral bağlantısı, məlumat mərkəzi və digər xidmətlər göstərir.*