12 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Silk Vey Vest Aviaşirkəti” MMC-nin ümumi dəyəri 25 milyon dollar olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
FED.az xəbər verir ki, bu barədə birjadan bildirilib.
Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, cəmi sayı 25 min ədəd, təklif olunan illik faiz dərəcəsi (gəlirlilik) 5%, tədavül müddəti 3 ildir. Kupon faizlərinin ödəniş müddəti hər 3 təqvim ayından bir olacaqdır.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.