Azərbaycanda istiqraz buraxan şirkətlər üçün mühüm yenilik gözlənilir.
İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac - KEÇİRİLİB
FED.az xəbər verir ki, yaxın vaxtlardan etibarən şirkətlərin buraxdığı korporativ istiqrazlara İpoteka və Kredit Zəmanət Fondu tərəfindən dövlət zəmanəti veriləcək.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
Bu yenilik ilk dəfə sentyabrın 5-də İpoteka və Kredit Zəmanət Fondunda sahibkarların korporativ istiqrazlar üzrə öhdəliklərinə təminat verilməsi mexanizminə həsr olunmuş görüşdə müzakirə edilib.
Azərbaycan Mərkəzi Bankı, Milli Depozit Mərkəzi, Bakı Fond Birjası, ölkədə fəaliyyət göstərən investisiya şirkətləri və “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin təmsilçilərinin iştirak etdiyi görüşdə yeni mexanizmi ilə bağlı geniş məlumat verilib.
FED.az xatırladır ki, İpoteka və Kredit Zəmanət Fondu indiyədək də şirkət və sahibkarlara oxşar dəstək verib. Fond biznesin kreditlərinə zəmanət verirdi. Amma bu ilin yanvarın 26-da Prezident İlham Əliyev Fondun fəaliyyətinin təmin edilməsi barədə fərmanına dəyişiklik edib və Fonda sahibkarlara dəstək üçün yeni mexnizmlərin və alətlərin hazırlanması barədə tapşırıq vermişdi.
Bu fərmana uyğun olaraq, Fond qiymətli kağızların emitenti olan sahibkarlara Fond tərəfindən təminatın və müvəkkil banklara portfel təminatının verilməsi mexanizmlərinin tətbiqi üzrə yeni qaydalar hazırlayıb.
FED.az-ın əldə etdiyi məlumata görə, yeni mexanizmə əsasən korporativ istiqrazlar buraxan şirkətlərin istiqrazlarına 60% həcmində dövlət zəmanəti vriləcək. Yəni şirkətin istiqrazla bağlı öhəliklərinin icra edilməsində çətinliyi olsa, bu vəsaitin 60%-i dövlət tərəfindən ödəniləcək.
Qaydalara əsasən zəmanət verilən istiqrazın ümumi məbləği 1 milyon manatdan artıq olmayacaq. Zəmanətdən yalnız qeyri-dövlət və qeyri-maliyyə sahəsində fəaliyyət göstərən şirkətlər faydalana biləcəklər.
Bununla yanaşı, zəmanət verilən istirazların müddəti 7 ili keçməməlidir.
İstiqrazlara zəmanət verilməsi ilə bağlı fondun da öz tələbləri olacaq.
Belə ki, zəmanət verilməsi üçün şirkət və sahibkarların vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəlikləri olmamalı, müvafiq lisenziyaya və ya icazəyə malik olmalı (qanunvericiliklə tələb olunduqda), İpoteka Fonduna və müvəkkil investisiya şirkətinə aidiyyəti şəxs olmamalı, kredit öhdəlikləri üzrə 60 gündən artıq gecikməsi olmamalı və ya son 1 il ərzində qeyri-işlək kredit statusu almış kredit borcu olmamalıdır. Bundan başqa, tələblərə görə, Emitentin bank hesabları üzərində pul vəsaitinin silinməsinə dair hazırda müvafiq sərəncam olmamalı, eləcə də nizamnamə kapitalında dövlətin iştirak payı 50 %-dən çox olmamalıdır.
Göründüyü kimi, İpoteka Fondunun zəmanətlə bağlı tələbləri spesifik deyil. Fond bazarı iştirakçılarının sözlərinə görə, qiymətli kağızların buraxılması ilə bağlı şirkətlərə indiyədək tətbiq edilən tələblər də kifayət qədər ciddi olduğuna görə, əlavə xüsusi meyarların tətbiqi gözlənilmir. Başqa sözlə, istiqraz buraxan şirkətlərin əksəriyyəti dövlətdən 60%-lik dövlət zəmanətini ala biləcəklər.
Zəmanət alınması üçün ödəniş tələb olunacaq – bu istiqraz buaxılışının nominal həcminin 1,5%-i qədər olacaq. 2 ilədək istiqraz buraxılışı zamanı bu ödəniş bir dəfə ediləcək, daha uzun müddətli istiqrazlarda isə hər il ödəniləcək.
İstiqrazlara dövlət zəmanətinin verilməsi Azərbaycanda şirkətlərin buraxdığı korporativ istiqrazlara münasibəti kəskin şəkildə dəyişəcək və onlar həm bank əmanətləri, həm də bank kreditləri üçün ciddi rəqibə çevriləcəklər.
«BTB Capital» investisiya şirkətinin nümayəndəsi Cəfər İbrahimlinin sözlərinə görə, yeni qaydaların tətbiqi nəticəsində korporativ istiqrazlara inam- etibar kəskin surətdə artacaq: «İndiyədək bank əmanətəri dövlət tərəfindən qorunurdu, amma istiqrazlarda belə zəmanət yox idi, indi isə onun tətbiqi istiqrazların da etibarlı alət olması ilə nəticələnəcək».
İstiqrazların etibarlılığı artdıqdan sonra onlara verilən vergi güzəştləri də hiss olunmağa başlayacaq. «Belə ki, bank əmanətləriən əldə edilən gəlirlər 10 faiz vergiyə cəlb ediyi halda, istiqrazlardan əldə edilən gəlirlər vergidən azaddır. İndi bu güzəşt investorların seçiminə daha ciddi təsir edəcək».
Digər tərəfdən, istiqrazlara verilən dövlət zəmanəti daha çox şirkəti istiqraz buraxmağa həvəsləndirəcək ki, bu da şirkətlər üçün yeni maliyyələşmə kanalının açılması, yəni qiymətli kağızların bank kreditləri üçün rəqibə çevrilməsi deməkdir.
Tədbirdə də bildirilib ki, qeyri-neft sektorunda çalışan emitent şirkətlərin korporativ istiqrazlar üzrə öhdəliklərinin icrasına Fondun zəmanət verməsi onlar tərəfindən buraxılan manat istiqrazlarının likvidliyini və cəlbediciliyini artıraraq, sahibkarların alternativ maliyyə resurslarına çıxış imkanlarını genişləndirir.
Bildirilib ki, mexanizmin tətbiqi həmçinin qiymətli kağızlar bazarının inkişafına dəstək və investorların risklərinin bölüşdürülməsi baxımından da əhəmiyətlidir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.