Azərbaycanın aparıcı qablaşdırma məhsulları şirkəti olan «Az-Pack» MMC 2021-ci ildə kiçilib, şirkətin satışları 3 dəfədən çox azalıb və mənfəətdən zərərə keçib.
FED,az xəbər verir ki, bu barədə şirkətin 2021-ci ilin nətiələri üzrə hesabatında bildirilir.
Hesabata əsasən, 2021-ci ildə şirkətin satışlarının həcmi 3,2 dəfə azalaraq 9,6 milyon manatdan 2,95 milyon manata düşüb.
Satışın maya dəyəri isə ötən il 8,8 milyon manat olduğu halda, 2021-ci ildə 3,9 milyon manat təşkil edib.
Nəticədə şirkət hələ başqa xərclərə keçmədən, elə satışdan 921 min manat zərər edib.
«Az-Pack»ın əməliyyat gəlirlərinin 15 dəfəyə yaxın artaraq 21 min manatdan 311 min manata yüksəlməsi də şirkəti zərərdən çıxara bilməyib.
Nəticədə şirkət 2021-ci ili 610 min manat xalis zərərlə tamamlayıb, halbuk, 2020-ci ildə «Az-Pack» 411 min manat xalis mənfəət əldə etmişdi.
Böyük məbləğdə zərər özünü dərhal «Az-Pack»ın başqa göstəricilərində də hissetdirib. Şirkətin cəmi kapitalı 610 min manat azalaraq 738 min manatdan 125 min manata düşüb.
Aktivləri isə 2,8 milyon manat və ya 24% azalaraq 11,8 milyondan 9 milyon manata enib.
Xatırladaq ki, 2012-ci ildən fəaliyyət göstərən "AZ-PACK" MMC PET preformalar, SBC və HDPE qapaqlar, IML qabları, PS / PP listləri və PS / PP qablar istehsalı üzrə ixtisaslaşıb.