Bu gün Bakı Fond Birjasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) manatla nominallaşdırılmış istiqrazlarının yerləşdirilməsinə həsr olunmuş "Açılış Zəngi" mərasimi baş tutub.
FED.az xəbər verir ki, tədbirdə çıxış edən AYİB-in İstiqrazlar üzrə, Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə direktor müavini Mikhail Grechikho bu mühüm hadisəni bank üçün növbəti strateji addım kimi qiymətləndirib. O bildirib ki, AYİB Azərbaycan iqtisadiyyatına ən böyük sərmayə qoyan qurumlardan biridir:
“AYİB olaraq 30 il ərzində Azərbaycanda 200 layihəyə 3.6 milyard avrodan çox sərmayə yatırmışıq. Bu layihələr müxtəlif sahələri bərpa olunan enerji, infrastruktur və energetika kimi sektoru əhatə edir”.
Mikhail Grechikho qeyd edib ki, bu dəfəki uğurlu təşəbbüs maliyyə sektorunda yeni bir mərhələnin başlanğıcıdır:
“Kapital bazarları və maliyyə sektoru AYİB-in Azərbaycandakı strategiyasının əsas sütunlarından biridir. Biz yerli bazarda sərmayələrin təşviqini, yaşıl layihələrin dəstəyini və kiçik və orta sahibkarlığın inkişafını ön planda tuturuq.”
O, həmçinin Azərbaycanın tənzimləyici qurumları ilə aparılan fəal əməkdaşlığa da toxunub:
“Son illərdə Mərkəzi Bank ilə birgə çalışaraq yerli qanunvericilik bazasının təkmilləşdirilməsinə dəstək vermişik. Bu da bankınızın yerli valyutada istiqraz buraxmasına imkan yaradıb. Eyni zamanda, depozit və ödəniş sistemlərinin inkişafı üçün hüquqi və texniki dəstək göstərmişik.”
Mikhail Grechikho onu da vurğulayıb ki, AYİB yaşıl gündəliyin təşviqinə də böyük önəm verir:
“Ötən il BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 tədbiri çərçivəsində Bakıda yerli banklar üçün iqlim risklərinin idarə olunmasına dair təlimlər keçirmişik. Bu sahədə də Mərkəzi Bankla əməkdaşlığımız davam edir.”