Azərbaycan Mərkəzi Bankı (AMB) səhmdar cəmiyyətlərinə (SC) müraciət edib.
FED.az xəbər verir ki, müraciətdə deyilir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, "Qiymətli kağızlar bazarı haqqında" Qanunun 75-ci maddəsinə görə, SC-nin illik hesabatı hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanaraq onun səhmdarlarının ümumi yığıncağında təsdiq edilir.
Hesabatlar həmin tarixdən etibarən 10 gündən gec olmayaraq AMB-yə təqdim olunur. AMB hesabatın açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, SC təqdim etdiyi tarixdən etibarən 30 gün ərzində illik hesabatının öz internet səhifəsində (olduqda) və mediada açıqlanmasını təmin etməlidir.
Qanunvericiliyin tələblərinə əsasən emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır.
SC-lər cari il üzrə sahibkarlıq fəaliyyətini dayandırdığı halda bu barədə səhmdar cəmiyyətinin ümumi yığıncağının qərarı və Vergi Məcəlləsinin 16.3-cü maddəsinə uyğun olaraq Dövlət Vergi Xidmətinə təqdim edilmiş arayış əlavə olunmaqla AMB-yə məlumat verilməsi tövsiyə olunur.
Qanunvericiliklə nəzərdə tutulmuş müddətdə illik hesabatlarını təqdim etməyən SC-lərə AMB xəbərdarlıq məktubları göndərir. Sözügedən illik hesabatların AMB-yə təqdim edilməsi və açıqlanması təmin olunmadıqda, qeyd olunan hərəkətsizliyə (qanun pozuntusuna) görə emitentlər İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş qaydada inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanlar nəzərə alınaraq SC qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
Mövzu ilə bağlı əlavə suallar yarandığı təqdirdə AMB-nin 966 "Çağrı Mərkəzi" ilə əlaqə saxlamaq olar.