Bu həftə Dövlət Neft Şirkəti (SOCAR) ölkə daxilində 2-ci istiqraz emissiyasını həyata keçirib.
Dövriyyəyə demək olar ki, eyni şərtlərlə 100 milyon ABŞ dolları məbləğində yeni SOCAR istiqrazları buraxılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən bununla bağlı şirkətin maliyyə məsələləri üzrə baş məsləhətçisi Ali Ağaoğlunun müsahibəsini təqdim edir:
- SOCAR istiqrazları üzrə son emissiyanın nəticələrini necə qiymətləndirirsiniz?
- İlkin emissiyada investorlar tərəfindən tələb iki dəfədən çox idi. Son emissiyada isə bu göstərici 4 dəfəyə yaxın oldu. Həm ilkin emissiyanın yerləşdirilməsi təcrübəsi, həm də SOCAR istiqrazları ilə təkrar bazardakı əməliyyatların həcmi tələbin yüksək olacağını təxmin etməyə əsas verirdi. Lakin nəticə, xüsusilə də fiziki şəxslərdən gələn tələb bizim gözləntilərimizin üzərində oldu. Əvvəlki emissiya ilə müqayisədə bu dəfə onlardan gələn tələb 10 dəfə artıq oldu. Bu dəfə təkrar alanlar ilkin emissiyadan aldıqları həcmin 30 %-dən çoxunu tələb etdilər. Nəticədə ilkin emissiyada iştirak edən fiziki şəxslərin 75 %-i təkrar emissiyadan pay aldı. Son emissiya toplam olaraq 761 investor arasında bölüşdürüldü. Onlardan 732-si fiziki, 29-u hüquqi şəxsdir. İstiqrazların 60%-dən çoxu məhz fiziki şəxslərə satıldı. Onların tələbi tam ödənildi. Hüquqi şəxslərin tələbi 320 milyon dollar olsa da, onun yalnız 12%-ni təmin etdik. Bütovlükdə emissiyanın nəticələrini çox yüksək qiymətləndiririk.
- İnvestorlar yeni istiqrazları əsasən necə əldə etdilər?
- Satışlar daha çox investisiya şirkətləri üzərindən həyata keçirildi. Əhalinin maarifləndirilməsi və maliyyə sektoruna etimadın artırılmasındakı töhfəsindən dolayı “ASAN xidmət” mərkəzlərinə böyük dəyər veririk. Belə ki, ilk emissiyanın qüvvədə olduğu 5 il ərzində 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri SOCAR istiqrazlarına investiya etmək istəyənlər və yaxud maraq göstərənlər üçün hər zaman açıq qaldı. Vətəndaşlar gündəlik əsasda həmin mərkəzlərə yaxınlaşaraq SOCAR istiqrazları barədə onları maraqlandıran suallara cavab alırdılar. Bu, bir tərəfdən əhalinin maliyyə savadlılığının artırılması baxımından çox önəmli oldu, digər tərəfdən isə istiqrazları alıb-satmaq istəyənlər investisiya şirkətləri və banklara daha tez çıxış əldə edirdilər.
- Xarici investorlar yeni emissiyaya maraq göstərdimi?
- Xarici maliyyə bazarlarında mövcud olan faizlərlə müqayisədə SOCAR istiqrazları üzrə təklif edilən gəlirlilik xeyli yüksəkdir. Əvvəlki emissiyada olduğu kimi, sonuncuda da xarici investorlar maraq göstərdilər. Lakin onlara ilkin emissiyadan pay verilmədi. Bizim ilk gündən bu yana dəyişməz olaraq qalan hədəflərimiz mövcuddur. Bunlardan biri maliyyə sektorundan kənarda qalan fiziki şəxslərin vəsaitlərini qiymətli kağızlar bazarına cəlb etməklə maliyyə bazarının inkişafına töhfə verməkdir. Digəri SOCAR istiqrazlarından ilk növbədə Azərbaycan vətandaşlarının qazanc əldə etməsini təmin etməkdir. Xarici investorlar isə istiqrazları təkrar bazardan ala bilərlər. Dünən təkrar bazarda ilk ticarət 1 020 dollardan həyata keçirildi. Qarşıdakı vaxtlarda istiqrazların təkrar bazardakı dəyərinin qalxacağını, xüsusilə hüquqi şəxslər tərəfindən yüksək tələbin olacağını gözləyirik.
- Bazarda dollar istiqrazları üçün sizdən daha yüksək faiz təklif edənlər var. SOCAR istiqrazlarına tələbin yüksək olaraq qalması nə ilə əlaqədardır?
- Burada vacib məqam ilk emissiya ilə bazara çıxdığımız zamanla bağlıdır. Belə ki, həmin emissiya iki devalvasiyadan sonra bəzi bankların bağlanması, maliyyə sektoruna etimadın azaldığı bir vaxta təsadüf edirdi. Bu faktorların mövcudluğuna baxmayaraq, emitentin SOCAR olması istiqrazlara yüksək tələbin gəlməsini təmin etdi. Ötən dövr ərzində həm etimadın bərpası, həm də texniki irəliləyişin təmin olunması baxımından maliyyə bazarına böyük töhfə vermişik. Belə ki, ilk vaxtlarda bir istiqrazı alıb-satmaq 2 gün çəkirdi. Biz bu vaxtı 15-20 dəqiqəyə endirdik. SOCAR istiqrazları sayəsində korporativ istiqrazların təkrar bazarında canlanma baş verdi. Bu bazarda bağlanan əqdlərin 95%-i, həyata keçirilən əməliyyatların məbləğinin 75 %-i bizim istiqrazların payına düşür. Son emissiyada xüsusilə diqqətimi çəkən bir məqam oldu. Fiziki şəxs olan investorların üçdə biri qadınlardır. Əvvəlki emissiya ilə müqayisədə onların sayı 3 dəfədən çox artıb. Qadınlar adətən daha etibarlı və az riskli maliyyə alətlərinə investisiya edirlər. Bu, SOCAR istiqrazlarına olan inamı xarakterizə edən mühüm amildir.
- İlk emissiyadan ötən dövr ərzində korporativ istiqraz bazarında rəqabət mühiti formalaşa bilibmi?
- Bundan əvvəlki istiqraz emissiyamız həcminə görə ən iri kütləvi emissiya idi. Bizdən sonra milli valyutada və dollarda 10 emitent 20-dən çox emissiya həyata keçirib. Düzdür, bunların ümumi məbləği 100 milyon dollardan azdır. Lakin prosesə daha geniş prizmadan baxsaq, istiqraz bazarında rəqabətli mühitin formalaşmasının əlamətlərini görmək olar. Belə ki, son vaxtlar dollarla buraxılan istiqrazların zamanlamasına diqqət yetirsək, görərik ki, onlar SOCAR istiqrazlarının ilk emissiyasının bitməsi vaxtına təsadüf edir. Digər emitentlər bu zaman daha yüksək faizlər belə təklif edirdi. Məqsəd isə bizdən qalan tələbi həmin istiqrazlara yönəltmək idi. Bunlar bizi lider olaraq daim irəli baxmağa və yenilikçi statusumuzu inkişaf etdirməyə sövq edir. Bu yaxınlarda "Bakı Fond Birjası" QSC (BFB) və Milli Depozit Mərkəzinin Türkiyənin anoloji qurumları ilə əməkdaşlıq anlaşması imzalaması qiymətləri kağızlar bazarının inkişafı üçün böyük perspektivlər vəd edir. Belə ki, Azərbaycan vətəndaşları İstanbul birjasından səhm və istiqrazlar ala biləcəklər. Türkiyə vətəndaşları isə eynisini BFB vasitəsilə etmək imkanı qazanacaqlar. Digər tərəfdən, hər iki birjada eyni zamanda səhm və istiqrazları listinqə çıxarmaq mümkün olacaq. Bu, bizim üçün də geniş fəaliyyət imkanları açacaq.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.