Azərbaycanın bank sektorunun lideri, ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının – ABB səhmləri abunə yazılışı prosesi başlayıb.
AMB-nin baş direktoru: "ABB səhminə sahib olmaq istəyən şəxslər investisiya hesabı açarkən heç bir rüsum tələb olunmayacaq"
FED.az xəbər verir ki, iyunun 11-də ABB-nin səhmlərinə abunə yazılışının başlanması ilə bağlı tədbir keçirilib. "ABB səhmdarı ol! Mərkəzdən hər kəsə!" devizi ilə keçirilən tədbir üçün simvolik məkan seçilib. Tədbir ötən əsrin əvvəllərində məhz bank binası kimi tikilmiş, fasadında "Bankc" sözü olan, 90-cı illərin əvvəllərində ABB-nin baş ofisinin, hazırda isə Mərkəzi filialının fəaliyyət göstərdiyi tarixi məkanda təşkil olunub.
Tədirdə ABB rəhbərliyi ilə birgə, Azərbaycan Mərkəzi Bankının, Bakı Fond Birjasının, Milli Depozit Mərkəzinin, Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi də iştirak edib.
Abunə yazılışı 3 ay davam edəcək. Bankın 322 000 000 ədəd səhmi satışa çıxarılıb. Bir səhmin minimal qiyməti 27 qəpikdir. Abunə yazılışı dövründə vətəndaşlar sifarişlərini 27 qəpik, yaxud daha yuxarı qiymətlə təqdim edə bilərlər. Bir vətəndaş minimum 100 ədəd, maksimum 75 000 ədəd ABB səhmi sifariş verə bilər.
Bankın səhmlərinə abunə yazılışını ABB mobile tətbiqindəki "İnvestisiya" bölməsindən, ABB-nin bütün filiallarından, həmçinin, səhmlərin emissiyasının anderrayteri olan "ABB İnvest" və ölkəmizdəki digər investiya şirkətləri vasitəsilə həyata keçirmək olar.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Emissiya prosesi başa çatdıqdan sonra da Azərbaycan dövləti yenə Bankımızın əsas böyük səhmdarı kimi qalacaq. Banka iri özəl investorların deyil, məhz kiçik pay sahibi olan investorların cəlb edilməsinə üstünlük verilir. Çünki məqsəd daha çox vətəndaşımızın ABB-də pay sahibi olub alternativ investisiya fürsətlərindən faydalana bilməsidir. Bunun ölkəmizin qiymətli kağızlar bazarına əhəmiyyətli müsbət təsirləri olacaq".
ABB ölkənin və regionun ən gəlirli kommersiya qurumlarındandır. Bank illik mənfəətindən səhmdarlarına davamlı şəkildə dividendlər ödəyir. Son üç il üzrə dividend ödənişinin məbləği 2022-cü ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat olub. Bu il ABB-nin səhmlərinin illik dividend gəlirliliyi 15,1%-ə yüksəlib.