«ABB İnvest» investisiya şirkəti 2023-cü il üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət 2022-ci ildə olduğu kimi, ötən ili də mənfəətlə başa vurub, amma xalis mənfəəti daha az olub.
Hesabat dövründə «ABB İnvest»in faiz gəlirləri əvvəlki ilə nisbətən 2 dəfədən çox artaraq 580 min manatdan 1 milyon 234 min manata yüksəlib. Faiz xərcləri isə 4 dəfəyə yaxın artaraq 637 min manat təşkil edib.
2023-cü ildə «ABB İnvest»in qiymətli kağızlarla əməliyyatlar üzrə xalis gəliri 100 dəfə azalaraq 569 min manatdan 7200 manata düşüb. Əvəzində haqq və komissiya gəlirləri 2 dəfəyə yaxın artaraq 514 min manatdan 950 min manata qalxıb.
Nəticədə ilin sonunda şirkətin xalis faiz gəliri 597 min manat, qeyri-faiz gəliri isə 957 min manat olub.
Ötən il «ABB İnvest»in inzibari və digər xərcləri, o cümlədən işçi heyətinə xərcləri artaraq 795 min manata yüksəlib və vergidən əvvəlki mənfəət 760 min manata yaxın olub.
157 min manat vergi ödənişindən sonra şirkət ili 602 min manat xalis mənfəətlə tamamlayıb. Bu – əvvəlki ilin nəticəsindən 25 min manat azdır.
2023-cü ildə «ABB İnvest» sürətlə böyüyüb, şirkətin aktivləri 50% artaraq 14 milyondan 21 milyon manata yüksəlib.
«ABB İnvest» bu pulun böyük hissəsini – 17,7 milyon manatını qiymətli kağızlarda, 3,6 milyon manatı isə banklarda saxlayır. Əvvəlki illə müqayisədə qiymətli kağızlara yatırımlar 5 milyon manat, banklardakı vəsaitlər isə 2 milyon manat artıb.
«ABB İnvest» bu vəsaitlərin böyük hissəsini – 14,5 milyon manatı repo əməliyatları vasitəsilə cəlb edib, daha 2,5 milyon manat isə müştərilərdən cəlb edilib.
Nəticədə şirkətin öhdəlikləri 1 ildə 7 milyon manata yaxın artaraq 10,7 milyon manatdan 17,3 milyon manata yüksəlib.
2023-cü ildə «ABB İnvest»in kapitalı da kəskin – 800 min manat artaraq 4,7 milyon manata çatıb. Bunun 3 milyonu təsisçinin yatırdığı nizamnamə kapitalı, qalan hissə isə bölüşdürülməmiş mənfəətdir.