"ABB İnvest İnvestisiya Şirkəti" 2024-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, iyulun 7-də keçirilən mətbuat konfransında çıxış edən şirkətin Biznesin İnkişafı Departamentinin direktoru Elçin Məmmədov bildirib ki, ötən il ərzində həm aktivlərdə, həm də gəlirlərdə əhəmiyyətli artım qeydə alınıb.
“2024-cü ildə "ABB İnvest İnvestisiya Şirkəti"nin aktivləri artaraq 26 milyon 256 min manata çatıb. Öhdəliklərimizdə də artım müşahidə olunub. Əgər 2023-cü ildə öhdəliklərimizin həcmi 21 milyon 970 min manat idisə, 2024-cü ildə bu göstərici 26 milyon 256 min manat təşkil edib”, – deyə Elçin Məmmədov bildirib.
Onun sözlərinə görə, şirkətin əməliyyat gəlirləri də müsbət dinamika göstərib: “2023-cü ildə əməliyyat gəlirimiz 2,4 milyon manat idi. 2024-cü ildə isə bu rəqəm 2,9 milyon manata qədər artıb. Vasitəçilik və anderraytinq xidmətlərindən əldə olunan gəlirlər isə 2024-cü ildə 3,8 milyon manat təşkil edib”.
Şirkət nümayəndəsi xərclərin də artdığını, lakin bu artımın əsasən işçi sayının yüksəlməsi ilə bağlı olduğunu vurğulayıb: “Hazırda əməkdaşlarımızın sayı 30 nəfərə çatıb. Bu da xərclərin artmasına səbəb olub. 2023-cü ildə xərclərimiz 856 min manat təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 1,9 milyon manata qədər yüksəlib”.
Elçin Məmmədovun sözlərinə görə, "ABB İnvest İnvestisiya Şirkəti" 2024-cü ilin nəticələrinə əsasən Bakı Fond Birjasında etdiyi əməliyyatlara görə birinci yeri tutaraq bazarda 56 faiz pay əldə edib: “Bu, bizim üçün mühüm nailiyyətdir. 2023-cü ildə bu göstərici 42 faiz idi, yəni ciddi irəliləyişə nail olmuşuq”.
Sonda o, şirkətin xalis mənfəət göstəricilərinə də toxunub: “2023-cü ildə 602 min manat olan xalis mənfəətimiz 2024-cü ildə təxminən üç dəfə artaraq 2 milyon 319 min manat olub”.