«Fitch Ratings» reytinq agentliyi 2020-ci ilin ilk yarım ilində 33 ölkənin reytinqini aşağı salıb, ama bu hələ son deyil, koronavirus pandemiyasının dövlətlərin maliyyə vəziyyətinə mənfi təsiri davam etməkdədir.
Eləcə də bax: "Fitch": Azərbaycanın sığorta sektorunun artımı - İCBARİ SIĞORTALARDAN ASILIDIR"
FED.az xəbər verir ki, «Fitch»in qlobal suveren reytinqlər şöbəsinin rəhbəri Ceyms Makkormak bildirir ki, agentlik daha 40 ölkəyə mənfi proqnoz verib, yəni qarşıdakı dövrdə onların da reytinqi aşağı salına bilər.
Makkormak etiraf edib ki, hər iki göstərici rekord həddədir – kredit agentliyinin tarixində il ərzində bu qədər reytinqi endirilən və proqnozu mənfiləşdirilən ölkə sayı olmayıb.
«İndiyədək «Fitch Ratings»in tarixində eyni vaxtda 40 ölkə üçün mənfi reytinqimiz olmayıb. Özü də bu o vaxt baş verir ki, biz artıq ilin ilk yarısında 33 ölkə üzrə reytinqləri azaltmışıq. Biz indiyədək heç vaxt hətta bütöv il ərzində də 33 ölkənin reytinqini aşağı salmamışıq»
Reytinqi aşağı salınan ölkələr arasında Böyük Britaniya, Avstraliya və Honkonq da var.
Makkormak izah edib ki, pandemiya dövründə, hökumətlərin əksəriyyəti iqtisadiyyatı zərərdən qorumaq üçün xərcləri artırıblar. Onun sözlərinə görə, bu Fitch-in işlədiyi 119 ölkənin hamısında maliyyə vəziyyətinin pisləşməsinə səbəb olacaq. Böhran nəticəsində ya bu ölkələrin böyük kəsiri yaranacaq, ya da ölkə böyük borca girəcək.
Makkormak bildirib ki, agentlik müşahidə edəcək ki, ölkələr pandemiyadan sonra borclarını azaldı biləcəkmi.
«Fitch»in mütəxəssisləri hələ may ayında bildirmişdilər ki, pandemiya və neftin ucuzlaşması səbəbindən bu il ölkələr üzrə müflisləşmələr rekord həddə çatıb. İndiyədək artıq Livan, Argentina və Ekvador müflisləşdiklərini elan ediblər.
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu bəyan edib ki, koronavirusun yayılmasının qarşsını almaq üçün görülən tədbirlər dünya iqtisadiyyatına gözləniləndən daha böyük zərər vurub. Fond xəbərdarlıq edib ki, qlobal dövlət borcu da rekord həddə – dünya ÜDM-nin 100%-nə çata bilər.