2026-cı ilin ilk iki ayında Bakı Fond Birjasında (BFB) bağlanmış əqdlərin (əməliyyatların) sayına görə investisiya şirkətlərinin reytinqi açıqlanıb. Cədvələ əsasən, bu dövrdə cəmi 3 şirkət 1000-dən çox əməliyyat sayı həddini keçə bilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, siyahının birincisi say üzrə bazarda üstünlüyünü qoruyan "ABB Invest İnvestisiya Şirkəti" QSC-dir. Şirkət yanvar-fevral aylarında ümumilikdə 2 305 əməliyyat həyata keçirib.
Siyahının diqqət çəkən məqamı isə "Troni İnvestisiya Şirkəti" QSC-nin aktivliyidir. Həcmcə bazarda 8-ci olan "Troni", əməliyyatların sayına görə 1 775 əqd bağlayaraq bazarda ikinci ən aktiv şirkət olub.
İlk üçlüyü 1 067 əməliyyat sayı ilə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC tamamlayır.
Sıralamanın davamına nəzər saldıqda, dördüncü yerdə 733 əməliyyatla "Unicapital İnvestisiya Şirkəti" ASC, beşinci yerdə isə 692 göstərici ilə "CPM-İnvest İnvestisiya Şirkəti" QSC gəlir. Növbəti yerləri tutan "İnvest-Az İnvestisiya Şirkəti" ASC-də əməliyyatların sayı 293, "Assist Finance İnvestisiya Şirkəti" ASC-də 193, "İnno Kapital İnvestisiya Şirkəti" ASC-də isə 122 təşkil edib.
Cədvəlin sonlarına doğru getdikcə rəqəmlərin daha da kəskin azaldığı görünür. Doqquzuncu yerdə qərarlaşan "Capital Partners İnvestisiya Şirkəti" QSC üzrə 73, onuncu yerdə olan ASC "Xalq" Bankı üzrə isə 69 əməliyyat qeydə alınıb. Siyahının ən sonuncu üç pilləsini isə müvafiq olaraq 63 əməliyyatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 11 əməliyyatla "MFX Trading İnvestisiya Şirkəti" və cəmi 10 əməliyyat göstəricisi ilə "CFI FİNANCİAL İnvestisiya Şirkəti" QSC bölüşür.












