«Ziraat Bank »ın vəziyyəti məlum oldu – KƏSKİN AZALMA
«Ziraat Bank» 2019-cu ilin birinci rübünün nəticələri ilə bağlı hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, birinci rübdə bankın faiz gəlirləri 4 milyon 445 min 110 manat, faiz xərcləri 1 milyon 143 min 650 manat təşkil edib.
Bundan başqa, «Ziraat Bank» 1-ci rübdə faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlara 388 min 500 manat ayırıb.
Birinci rübdə «Ziraat Bank» qeyri-faiz əməliyyatlarından 692 min 830 manat əldə edib, qeyri-faiz xərcləri isə 1 milyon 695 min 760 manat olub.
Hesabata görə, bank ilk rübü 1 milyon 910 min 30 manat əməliyyat mənfəəti ilə başa vurub.
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar isə 950 min 810 manat təşkil edib. Nəticədə bankın xalis mənfəəti 959 min 220 manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə «Ziraat Bank»ın xalis mənfəəti 43,3% azalıb. Xatırladaq ki, «Ziraat Bank» 2018-ci ilin birinci rübünü 1 milyon 692 min 410 manat mənfəətlə başa vurmuşdu.
2019-cu ilin birinci rübündə «Ziraat Bank»ın aktivləri də azalıb, kapitalı isə artıb.
Bankın aktivləri 3,6% azalaraq 219 milyon 739 min 350 manata enib. Kapitalı isə 2% artaraq 68 milyon 814 min 560 manata çatıb.
Birinci rübdə Ziraat Bankın kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 41.2% artaraq 112 milyon 161 min manata yüksəlib.
Bankın depozitləri isə 14.3% azalaraq 49714 min manata enib.