Xəbər verildiyi kimi, avqustun 26-da Bakı Fond Birjasında “Ziraat Bank Azərbaycan” ASC-nin istiqrazlarının yerləşdirilməsi baş verib. İstiqrazların ticarətə buraxılmasına həsr olunmuş “Açılış Zəngi” tədbirində “Ziraat Bank Azərbaycan” ASC-nin, Bakı Fond Birjasının, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin, nümayəndələri, investorlar və digər qonaqlar iştirak ediblər.
Ziraat Bank Azərbaycanın ilk istiqraz emissiyası üçün - “Açılış Zəngi” çalınıb
Elə ilk gün “Ziraat Bank Azərbaycan”ın 15 milyon manat həcmində istiqraz emissiyasına bazardan 144 investor tərəfindən 60,6 milyon manatlıq, yəni emissiya məbləğindən 4 dəfə artıq tələb daxil olub. Tələbin təklifdən 4 dəfə artıq olması investorların Banka və onun perspektivlərinə inamını göstərib. Eyni zamanda, 144 investorun istiqrazlara maraq göstərməsi emissiyanın geniş investor auditoriyasını əhatə etdiyini, eləcə də Azərbaycanda alternativ və proqnozlaşdırıla bilən investisiya alətlərinə marağın artdığını göstərir.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan”ın istiqrazların ümumi həcmi 15 milyon manat, tədavül müddəti 12 ay, illik faiz dərəcəsi isə 10,5% təşkil edir. Kupon ödənişləri hər rüb həyata keçiriləcək. Bir istiqrazın nominal dəyəri və minimum investisiya məbləği 100 manatdır.
Yeri gəlmişkən, bank ümumilikdə 30 milyon manatlıq istiqraz buraxacaq, Bankın sədri Dr. Selçuk Demir 15 milyon manatlıq ikinci buraxılışın da yaxın zamanda olacağını açıqlayıb.
Ziraat Bank Azərbaycan ASC-nin İdarə Heyətinin sədri Dr. Selçuk Demirin bank ümumi və qiymətli kağızlar bazarındakı planları ilə bağlı FED.az biznes və maliyyə xəbərləri portalına müsahibə verib.
- Səlcuq bəy, bu, “Ziraat Bank Azərbaycan”ın ilk istiqraz buraxılışıdır. Bankın 10 ildə ilk dəfə qiymətli kağızlar bazarına müraciət etməsinin səbəbi nədir?
- İstiqraz buraxılışı Bankımızın maliyyələşmə mənbələrinin şaxələndirilməsi və resurs bazasının daha da genişləndirilməsi istiqamətində atdığı strateji addımlardan biridir. Bununla yanaşı, investorlar üçün sabit və proqnozlaşdırıla bilən gəlir imkanı yaradan yeni investisiya aləti təqdim edirik. Emissiya nəticəsində cəlb olunan vəsaitlərin Bankın kreditləşmə fəaliyyətinə yönəldilməsi və bununla da real sektorun, biznesin və ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına əlavə töhfə verilməsi nəzərdə tutulur.
- İstiqraz buraxılışı kifayət qədər böyük məbləği əhatə edir. Toplanan vəsait hansı layihələrə sərf ediləcək?
- Bankımıza müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər tərəfindən investisiya və biznes layihələrinin maliyyələşdirilməsi ilə bağlı müraciətlər daxil olur. İstiqraz emissiyası vasitəsilə cəlb olunan vəsaitlərin də əsasən iqtisadi dəyər yaradan layihələrin kreditləşdirilməsinə yönəldilməsi planlaşdırılır. Buraya ticarət, istehsal, kənd təsərrüfatı və digər real sektor sahələri daxil ola bilər. Məqsədimiz cəlb etdiyimiz resursları səmərəli şəkildə iqtisadiyyata yönəltmək və biznesin inkişafına maliyyə dəstəyi göstərməkdir.
- Səlcuq bəy, ümumiyyətlə son dövrlər “Ziraat Bank Azərbaycan” qiymətli kağızlara özü də yatırım etməkdədir. Təkcə bu il yatırımlar 200 milyon manat yaxın artıb. Bu nə ilə bağlıdır – kredit vermək çətinləşib? Yoxsa qiymətli kağızlara yatırım etmək daha sərfəli olub?
- Qiymətli kağızlara investisiyaların artması kreditləşmənin çətinləşməsi ilə bağlı deyil. Bank olaraq aktivlərimizin idarə edilməsində diversifikasiya, gəlirlilik, likvidlik və risk amilləri arasında optimal balansın qorunmasına xüsusi diqqət yetiririk. Qiymətli kağızlar portfeli də bu yanaşmanın mühüm tərkib hissəsidir. Eyni zamanda, bu istiqamətdə fəaliyyətimiz yerli kapital bazarlarının dərinləşməsinə, maliyyə alətlərinin dövriyyəsinin genişlənməsinə və bütövlükdə maliyyə bazarının inkişafına töhfə verir. Kreditləşmə isə Bankımızın əsas fəaliyyət istiqamətlərindən biri olaraq qalır və bu sahədə də aktivliyimizi davam etdiririk.
- Ümumiyyətlə, bank üçün kredit vermək daha çox gəlir gətirir, yoxsa qiymətli kağızlara yatırım etmək?
- Bu iki aləti yalnız nominal gəlirlilik baxımından müqayisə etmək düzgün olmazdı. Hər bir investisiya qərarında gəlirliliklə yanaşı risk, likvidlik, müddət, kapital tələbləri və bazar şərtləri də nəzərə alınır. Kreditlər və qiymətli kağızlar Bankın aktivlərinin idarə edilməsində fərqli funksiyalar yerinə yetirir və bir-birini tamamlayır. Bizim üçün əsas məsələ bazar şərtlərinə uyğun olaraq risk və gəlirlilik arasında optimal balansı təmin etmək, eyni zamanda aktivlərin sağlam və dayanıqlı strukturunu qorumaqdır.
- Səlcuq bəy, ilk dəfə olaraq “Ziraat Bank Azərbaycan” ipoteka krediti sahəsində partnyorla çıxış etməyə başlayıb. Bu kreditlərə maraq böyükdürmü?
- İpoteka kreditləri istiqamətində əməkdaşlığa marağı müsbət qiymətləndiririk. Bankımızın təqdim etdiyi məhsul və xidmətlərə ümumilikdə bazarda maraq artmaqdadır. Biz də müştərilərimizin ehtiyaclarını və bazarın inkişaf dinamikasını nəzərə alaraq məhsul çeşidimizi genişləndirməyə və yeni əməkdaşlıq imkanlarını dəyərləndirməyə davam edirik.
- Ziraat bank Türkiyədə ənənəvi olaraq kənd təsərrüfatı bankı kimi tanınır. Azərbaycanda bir qədər əvvəl kənd təsərryüfatı proqramı qəbul edilib. Proqrama əsasən, qarşıdakı 5 ildə özəl sektor aqrar sahəyə təqribən 3,7 milyard manat vəsait yatıracaq və bunun bir hissəsi kredit vəsaitlərinin payına düşür. Ziraat Bank Azərbaycan bu proqramla və yaranmış imknalarla bağlı hansı işləri planlaşdırır?
- Ziraat Bank Azərbaycan olaraq kənd təsərrüfatı sektorunu ölkə iqtisadiyyatının mühüm və perspektivli istiqamətlərindən biri hesab edirik. Bununla yanaşı, fəaliyyətimiz yalnız aqrar sektorla məhdudlaşmır; istehsal, ticarət, xidmət və digər real sektor sahələrində fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsində aktiv iştirak edirik. Qarşıdakı dövrdə də ölkənin iqtisadi prioritetlərinə uyğun olaraq, o cümlədən kənd təsərrüfatı sahəsində perspektivli və dayanıqlı layihələrin maliyyələşdirilməsi imkanlarını dəyərləndirməyə davam edəcəyik.
- Bundan sonrakı dövrdə kənd təsərrüfatı ilə bağlı nələr planlaşdırılır?
- Kənd təsərrüfatı sahəsində Bankımıza təqdim olunan layihələri onların iqtisadi səmərəliliyi, dayanıqlılığı və maliyyə göstəriciləri əsasında dəyərləndiririk. Perspektivli aqrar layihələrin maliyyələşdirilməsinə dəstəyimizi davam etdirməyi və bu sahədə bizneslərin inkişafına töhfə verməyi hədəfləyirik.
- Müsahibəyə görə təşəkkür edirik.
Хatırladaq ki, "Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.





![“Ziraat Bank Azərbaycan” niyə 10 ildən sonra ilk dəfə istiqraz buraxır? – Səlcuq Dəmir açıqladı – [red]MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/858695.jpeg)
![“Ziraat Bank Azərbaycan” niyə 10 ildən sonra ilk dəfə istiqraz buraxır? – Səlcuq Dəmir açıqladı – [red]MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/2660590.jpeg)








