“Azərbaycanda istehsala dəstək olmağa, inşaat sektorundan başqa, qeyri-neft sektorunun bütün digər sahələrinə dəstək verməyə hazırıq”. Bunu Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) “İş dünyamız” jurnalına müsahibə verən "Ziraat Bank Azerbaijan" ASC-nin İdarə Heyətinin sədri Avni Demirçi deyib.
A.Demirçinin sözlərinə görə, təmsil etdiyi Bank Azərbaycanda kənd təsərrüfatı sektoruna da maliyyə vəsaiti ayırmaqda maraqlıdır: “Ziraat Bank"ın siyasəti var, amma biz ölkənin reallıqlarını da nəzərə alırıq. Azərbaycanın dövlət başçısı bəyan edib ki, artıq neft dövrü başa çatır və qeyri-neft, xüsusilə də, kənd təsərrüfatı sahəsinin inkişafı başlayır. Ona görə də biz də qeyri-neft sektorunun, o cümlədən aqrar sektorun, ticarətin maliyyələşməsinə diqqət artırırıq. Xüsusilə də kənd təsərrüfatının emal sektoruna, sənayeləşmiş kənd təsərrüfatına xüsusi diqqət yetirəcəyik. Azərbaycanda ixracı mümkün olan başqa məhsullar da var. Bu sahələri də maliyyələşdirə bilərik”.