Azərbaycanda bank rəhbərlərinə və əməkdaşlarına əmək haqqından əlavə mükafatların verilməsi üün tələblər və şərtlər müəyyən edilib.
FED.az xəbər verir ki, bu Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiqlədiyi “Banklarda korporativ idarəetmə Standartları”nda nəzərdə tutulub.
Qaydalara görə, mükafatlandırma siyasəti bankın uzunmüddətli fəaliyyət nəticələrinə və mənfəətliliyinə əsaslanmalı, bankın risk iştahasına adekvat olmalı və izafi risk qəbulu məhdudlaşdırmalıdır.
Eləcə də bax: Bank rəhbərlərinə ödəniləcək mükafatın həcmi - MƏHDUDLAŞDIRILIB
Bundan başqa, maraqlı tələblərdən biri odur ki, bankın mükafatlandırma siyasəti bank tərəfindən üzərinə uzunmüddətli risklərin götürülməsi hesabına qısamüddətli dövrdə gəlir əldə etməsinə yönəlməməlidir.
Tələbərə əsasən, bankın əməkdaşına verilən mükafatın həcmi bankın əməkdaş ilə bağlı müəyyən etdiyi kəmiyyət və keyfiyyət göstəricilərinin (məsələn, kreditlərin verilməsi ilə məşğul olan struktur bölmənin əməkdaşının iştirakı ilə verilən kreditlərin müddəti, kreditlərin verildiyi sektor, əməkdaşın iştirakı ilə verilən kredit portfelinin konsentrasiyası və portfel üzrə qeyri-işlək kreditlərin həcmi, borcalanın sektorda mövqeyi və s.) yerinə yetirilmə səviyyəsinə əsasən müəyyən edilməlidir.
Eləcə də bax: Qara kostyum, 8 sm-lik "kabluk" və təraşlı üz – «AGBank»da necə geyinirlər?
Bununla yanaşı, sənədə əsasən, bank əməkdaşları və idarəetmə orqanları üzvlərinin əməyinin ödənilməsi mükafatlardan asılı olmamalıdır. Yəni mükafatın verilib verilməməsindən asılı olmayaraq əmək haqqı ödənilməlidir.
Eləcə də bax: Azərbaycanda bank səhmdarları üçün - ƏSAS TƏLƏBLƏR AÇIQLANIB
Mükafatlandırma siyasətində ən azı aşağıdakı kateqoriyalara aid olan bank əməkdaşları və idarəetmə orqanlarının üzvlərinə mükafatın verilməsi şərtləri ayrı-ayrılıqda əks etdirilməlidir:
- bankın rəhbərliyi (bu kateqoriyaya Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvləri aiddir);
- bankda risk-əsaslı fəaliyyətlə məşğul olan bank əməkdaşları və belə struktur bölmələrin rəhbərləri (bu kateqoriyaya bankın daxili nəzarət, risklərin idarə edilməsi və daxili audit funksiyalarını həyata keçirən struktur bölmələrinin əməkdaşları aiddir);
- bankın 90 gündən çox gecikmiş kredit tələblərinin geri ödənilməsi ilə məşğul olan struktur bölmənin əməkdaşları (bu struktura kuratorluq edənlərdən başqa).
Eləcə də bax: Bütün bankların vəziyyəti məlum oldu - MƏNFƏƏT-ZƏRƏR -2-Cİ RÜB – TAM SİYAHI
Bank işçiləri maksimum nə qədər mükafat ala bilər?
Bank əməkdaşlarına və idarəetmə orqanının üzvünə il ərzində verilən mükafatların ümumi həcmi ona il ərzində ödənilən vəzifə maaşının və əmək haqqına əlavələrin (və ya bankın səlahiyyətli idarəetmə orqanının qərarı əsasında əmək haqqı formasında təyin edilmiş muzd) ümumi məbləğinin 2 mislindən artıq olmamalıdır. Muzdu bankın səlahiyyətli idarəetmə orqanının qərarı əsasında bölüşdürülməmiş mənfəətin faizi şəklində müəyyən olunan Müşahidə Şurasının üzvünə müfakat verilmir.
Eləcə də bax: Bakıda beynəlxalq bank forumu keçiriləcək - TARİX AÇIQLANDI
Mükafatın həcmi və ödənişi ilə bağlı bir sıra maraqlı şərtlər var.
Belə ki, qaydalara görə, mükafatın öncədən müəyyən edilmiş və təxirə salınmış hissəsinin ödənilməsi bankın kapital adekvatlığı və likvidlik göstəricilərini ən azı 25 faiz pisləşdirdikdə mükafat ödənilməməlidir.
Bundan başqa, mükafatın ödənişi bankın uzunmüddətli dövrdə kapital dayanıqlığına mənfi təsir etməməlidir.
Bankın rəhbərliyinə aid olan şəxslərə (Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvləri) mükafat veriləndə ən azı aşağıdakı tələblər nəzərə alınmalıdır:
Mükafatın verilməsi barədə qərar ildə bir dəfə qəbul edilir. Bu zaman bank maliyyə ilinin nəticələrinə görə xalis mənfəət əldə etməli, habelə bankın məcmu kapitalının minimum miqdarı, kapitalının adekvatlıq əmsalı və aktivlər üzrə yaradılmış xüsusi ehtiyatları həm maliyyə ilinin yekun nəticələrinə, həm də mükafatın verilməsi barədə qərar qəbul edilən tarixə Palatanın müəyyən etdiyi prudensial normativlərə uyğun olmalıdır.
Eləcə də bax: Narıncı qalstuklar və yarırəsmi stil - «UNİBANK»DA NECƏ GEYİNİRLƏR - STYLE
Həm maliyyə ilinin yekun nəticələrinə, həm də mükafatın verilməsi barədə qərar qəbul edilən tarixə bankın qeyri-işlək aktivlərinin bankın məcmu aktivlərinə nisbəti göstəricisi (NPAB) ilə bank sektorunun qeyri-işlək aktivlərinin bank sektorunun məcmu aktivlərinə nisbəti göstəricisinə (NPAS) görə bankın rəhbərliyinə mükafatın ödənişi bu Standartlara 1 saylı Əlavəsinin tələbləri nəzərə alınmaqla həyata keçirilir (aşağıda göstərilib).
Bundan başqa, bankın rəhbərliyinə bankın səhmləri ilə ödənilən mükafatlar istisna olmaqla mükafatın ən azı 50 faizinin ödənişi təxirə salınır və növbəti üç il ərzində bərabər hissələrlə ödənilir.
Eləcə də bax: Azərbaycanda 3 bankın səhmdarlarının sayı - 50-DƏN ÇOXDUR
Qaydalara görə, hər hansı növbəti maliyyə ilinin nəticələrinə görə bank zərərlə işlədikdə, məcmu kapitalın minimum miqdarı, hesablanmış kapital adekvatlığı əmsalı və ya aktivlər üzrə yaradılmış xüsusi ehtiyatlar ilə bağlı Palatanın müəyyən etdiyi prudensial normativlər bank tərəfindən pozulduqda və ya səhmdarların ümumi yığıncağının bankın mənfəət hədəflərinin azalmasına dair qərar qəbul etdiyi hallar istisna olmaqla, əldə edilmiş xalis mənfəət mükafat hesablanan ilin xalis mənfəətinin 25 faizindən az olduqda, habelə NPAB göstəricisi NPAS göstəricisinin 125 faizindən çox olduqda mükafatın təxirə salınmış və həmin il üçün nəzərdə tutulmuş hissəsi ödənilmir. Növbəti maliyyə ilində (illərində) bu hallar aradan qaldırıldıqda təxirə salınmış mükafatın həmin il üçün nəzərdə tutulmuş hissəsi ödənilir.
Mükafatın təxirə salınmış hissəsi üzrə faizin hesablanması nəzərdə tutulduqda, faiz ödənişləri mükafatın ödənilməsi barədə qərarın qəbul edilməsi tarixinə qorunan əmanətlər üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş faiz dərəcəsinin yuxarı həddini keçməməlidir.
Eləcə də bax: Konstitusiya Məhkəməsi zaminliyin ləğv olunması şərti barədə - QƏRAR QƏBUL EDİB
Mükafatın istənilən formada təxirə salınmış hissəsi bank qarşısında öhdəliklər üzrə təminat qismində qəbul edilmir;
Bankın rəhbərliyinə aid olan şəxslərə ödənilən mükafatlar üzrə nəzərdə tutulmuş bütün şərtlər səlahiyyətli idarəetmə orqanının mükafatlandırmaya dair qərarında öz əksini tapmalıdır.
Bank əməkdaşlarına ödəniləcək mükafatın həcmi yoxlanılan struktur bölmənin fəaliyyətindən asılı olmamalı, habelə bu əməkdaşların müstəqilliyinə xələl gətirməməlidir.
Bank əməkdaşları və idarəetmə orqanlarının üzvlərinə aşağıdakı hallarda mükafat, o cümlədən onun təxirə salınmış hissəsi verilmir:
- Mərkəzi Bankdan sonuncu instansiya kreditoru qismində kredit almış bankda kredit üzrə öhdəliklər tam yerinə yetirilənədək;
- Palatanın banka qarşı xüsusi ehtiyatların yaradılması, kapitalın artırılması və ya kapital adekvatlığı əmsalının pozulması hallarının aradan qaldırılması barədə məcburi göstərişi olduqda, həmin göstəriş bank tərəfindən tam icra olunanadək;
- “Bank inzibatçılarının tutduğu vəzifələrindən azad edilməsi və bank lisenziyasının ləğv edilməsi ilə bağlı sanksiyaların tətbiqinə dair materiallara baxılması və onun nəticələrinin rəsmiləşdirilməsi Qaydası”na müvafiq olaraq tutduğu vəzifədən azad edilməsi barədə Palata tərəfindən sanksiya tətbiq edildikdə.
Qaydaya görə, bankın rəhbərliyinə hər il üçün mükafatın verilməsi və onun həcmi barədə qərar Səhmdarların ümumi yığıncağı tərəfindən, digər kateqoriyalara aid bank əməkdaşlarının mükafatlandırılması üzrə qərar isə Müşahidə Şurası tərəfindən təsdiq edilir. Mükafatlandırma üzrə qərarın surəti qərar qəbul edildiyi tarixdən 30 (otuz) gün müddətinə Palataya təqdim edilir.
Bank tərəfindən il ərzində və illik nəticələrə əsasən verilmiş mükafatların həcmi (hər bir şəxs üzrə mükafatın həcmi göstərilməklə) barədə hesabat hər növbəti ilin iyul ayının 7-dək Palataya təqdim edilir.
Bank tərəfindən dividend ödənişi Palatanı bu barədə qərar qəbul edilən tarixdən ən geci 5 (beş) iş günü müddətində məlumatlandırmaqla həyata keçirilir.
Bankın rəhbərliyinə (Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvləri) mükafatın ödənişinə dair tələblər
Göstərici |
Ödənilən mükafatın həcmi |
NPAB ≤ NPAS |
il ərzində ödənilən vəzifə maaşının və əmək haqqına əlavələrin (və ya bankın səlahiyyətli idarəetmə orqanının qərarı əsasında əmək haqqı formasında təyin edilmiş muzd) ümumi məbləğinin 2 (iki) mislindən çox olmamaqla |
NPAS < NPAB ≤ 1.25 × NPAS |
il ərzində ödənilən vəzifə maaşının və əmək haqqına əlavələrin (və ya bankın səlahiyyətli idarəetmə orqanının qərarı əsasında əmək haqqı formasında təyin edilmiş muzd) ümumi məbləğinin 1 (bir) mislindən çox olmamaqla |
NPAB > 1.25 × NPAS |
Mükafat ödənilmir. |