"Düşünmürəm ki, Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında baş verən hadisələr yerli banklarımızla müştərilər arasında olan münasibətlərə ciddi təsir edib". FED.az xəbər verir ki, bunu "APA-Economics"ə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.
"Dövlət tərəfindən Azərbaycan Beynəlxalq Bankına ilk gündən dəstək verildi, onun öhdəliklərinin icrasında köməklik göstərildi. Hökumət banka likvidlik verdiyi üçün hər hansı problem yaşanmadı. Bu səbəbdən qeyd edirəm ki, ABB ətrafında baş verənlər ölkə daxilindəki münasibətlərə təsir etmədi", - deyə Z.Nuriyev bildirib.
ABA prezidenti Azərbaycan Beynəlxalq Bankı ətrafında baş verənlərin bankların xarici borclanmasına təsirindən də danışıb: "Hazırda banklar xaricdən borclanma ilə bağlı problemlərlə üzləşmir. Əslində banklarımızın xaricdən borclanma ilə bağlı ciddi istəkləri də yoxdur. Belə ki, xaricdən cəlb olunan vəsaitlərin yerləşdirilməsi ilə bağlı bəlli bir məhdudiyyətlər var".