Yerli bankların filiallarının açılmasına dair tələblər dəyişir.
Mərkəzi Banka banklarla əlaqədar - Yeni Hüquqlar Verilir
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Banklar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, maliyyə bazarlarına nəzarət orqanının icazəsi olmadan yerli bank filial, şöbə və nümayəndəlik aça bilməz. Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi qaydaları, habelə onların fəaliyyəti ilə əlaqədar şərtlər və tələblər maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən edilir.
Layihəyə əsasən, yerli bank bu qanunun tələbləri nəzərə alınmaqla filial, şöbə və nümayəndəlik açmaqda sərbəstdir. Məcmu kapital, kapital adekvatlığı və likvidlik normativlərinə cavab verən, filiallar üzrə daxili nəzarət sisteminə malik olan bank filial, şöbə və nümayəndəlik aça bilər. Filial və şöbədə nağd pul saxlancı Mərkəzi Bankın müvafiq normativ xarakterli aktının tələblərinə uyğun olmalı, habelə filial və şöbələrdə aparılan əməliyyatlar haqqında məlumatların real vaxt rejimində banka ötürülməsi üçün informasiya sistemləri mövcud olmalıdır. Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir. Yerli bank yerli filial, şöbə və ya nümayəndəliyin açılması barədə qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində Mərkəzi Banka yazılı bildiriş göndərir. Bildirişə filial, şöbə və ya nümayəndəlik açmaq barədə bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş surəti, habelə filial, şöbə və ya nümayəndəliyin inzibatçıları barədə bu qanunda göstərilən sənəd və məlumatlar əlavə olunur. Bildirişdə filial, şöbə və ya nümayəndəliyin ünvanı, fəaliyyətə başlaması vaxtı, habelə inzibatçıları barədə bu qanunda göstərilən məlumat əks etdirilir. Mərkəzi Bank tərəfindən 14 təqvim günü ərzində bildirişə münasibət bildirilmədikdə və ya bank tərəfindən yerli filialın, şöbənin və ya nümayəndəliyin açılması üçün bu Qanunla nəzərdə tutulmuş tələblərə riayət edilməməsi və ya banka qarşı tətbiq edilən təsir (təshih) tədbirlərinə əməl edilməməsi ilə bağlı banka yazılı məlumat göndərilmədikdə müvafiq yerli filial, şöbə və ya nümayəndəlik fəaliyyətə başlaya bilər.
Yerli bank xarici filialını və ya nümayəndəliyini açmağa icazə almaq üçün Mərkəzi Banka yazılı müraciət etməlidir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.