Yeni menecment Azərbaycanlı milyardçının bankını mənfəət liderlərindən birinə çevirib
Azərbaycanın aparıcı və sürətlə inkişaf edən banklarından olan «Yelo Bank» 2021-ci ilin 3-cü rübünü yüksək nəticələrlə başa vurub.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, yanvar-sentyabr aylarında «Yelo Bank»ın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 milyon manat artaraq 46,4 milyon manatı keçib.
Bu məbləğin əsas hissəsi müştərilərə verilən kredit portfelinin gətirdiyi gəlirdir – 45 milyon manat, ötən illə müqayisədə 20% artım. Başqa banklara və maliyyə təşkilatlarına verilən kreditlərdən isə Bank təqribən 1 milyon manat əldə edib. Daha 340 min manat qiymətli kağızlardan daxil olub.
Bankın faiz xərcləri isə 13 milyon 515 min manat təşkil edib. Bunun 11,1 milyon manatı bankda əmanəti olan müştərilərə faiz kmi ödənilib.
1,7 milyon manat Mərkəzi Bank və digər dövlət fondları qarşısındakı öhdəliklər üzrə faizlərə, 500 min manat isə cəlb edilən kreditlərə görə ödənilib.
Nəticədə «Yelo Bank» 9 ayı 32,9 milyon manat xalis faiz gəliri ilə başa vurub. Bu ötən ilin eyni göstəricisindən 6,5 milyon manat və ya 24% artıqdır.
Yanvar-sentyabr aylarında bankın qeyri-faiz gəlirləri 2,4 milyon manat təşkil edib, hesabat dövründə haqq və komissiyalar üzrə 2,7 milyon manat gəlir əldə edilib. Əvəzində valyuta əməliyyatlarında yarım milyon manat itirilib. Digər gəlirlər 331 min manat olub.
«Yelo Bank»ın qeyri-faiz xərcləri isə 5 milyon manata yaxın və ya 17% artaraq 33 milyon 745 min manat təşkil edib. Hesabat dövründə bankın əmək haqqı xərcləri 16 milyon 562 min manat təşkil edib - 17% artım. Digər xərclər isə təqribən 2 dəfə artaraq 9,2 milyon manata yüksəlib.
Nəticədə «Yelo Bank» hesabat dövrünü 1 milyon 550 min manat əməliyyat mənfəəti ilə başa vurub. Xatırladaq ki, 2020-ci ilin eyni dövründə bank əməliyyat zərəri ilə işləyirdi – dövrü 157 min manat zərərlə başa vurmuşdu.
Kredit portfelinin keyfiyyətinin yaxşılaşması nəticəsində bank əvvəlki illərdə mümkün zərərlər üzrə ayırdığı məbləğin bir hissəsini – 9,8 milyon manatı geri çəkib.
Nəticədə ilk 9 ay ərzində «Yelo Bank»ın xalis mənfəəti 11 milyon 367 min manat təşkil edib. Bu – son 5 ildə «Yelo Bank»ın tarixində ən böyük mənfəətdir. Belə ki, təkcə ötən ilin eyni dövrünü bank 23,2 milyon manat zərərlə başa vurmuşdu.
2021-ci ilin 3-cü rübünün nəticələrinə görə, bankın aktivləri 100 milyon manatdan çox artaraq 390 milyon manatdan 495 milyon 743 min manata yüksəlib. Artım demək olar ki, bütünlüklə müştərilərə verilən kreditlərin artması ilə bağlıdır.
Biznes kreditlərin artımı rekord vurub
İlk 9 ayda «Yelo Bank»ın kredit portfeli 100 milyon manat artaraq 308 milyondan 408 milyon manata yüksəlib.
Hesabat dövründə bankın bütün növ kreditləri artıb. Xüsusilə biznes kreditləri 83 milyon manat və ya 57% artaraq 227 milyon manata çatıb. İstehlak kreditləri 30%-dən çox artaraq 84 milyondan 111 milyon manat, daşınmaz əmlak kreditləri isə 70 milyon manat olub.
Bank əvvəlki kimi, qiymətli ağızlara minimum vəsait yatırır – cəmi 13 milyon manat, əsas diqqət kreditləşdirməni artırmağa yönəlib. Nəticədə müştərilərə verilən xalis kreditlər 107 milyon manat artaraq 356 milyon manata yüksəlib.
Banka artan inam göstəricisi - depozit portfeli kəskin artıb
3-cü rübün nəticələrinə görə, «Yelo Bank»ın öhdəlikləri 93 milyon manat və ya təqribən 28% artaraq 426 milyon manatra yüksəlib. Depozit portfeli 74 milyon manat və ya 31% artaraq 310 milyon manat yaxınlaşıb.
Bankda fiziki şəxslərin əmanətlərində kəskni artım var – təqribən 60 milyon manat və ya 30%-lik artıfmdan sonra məbləğ 267 milyon manata yüksəlib. Hüquqi şəxslərin bankdakı vəsaitləri isə 50% artaraq 28 milyon manatdan 42 milyon manata qalxıb.
Bankın kapitalı da 12 milyon manatdan çox artaraq 69,3 milyon manat yüksəlib.