Azərbaycanın bank sektorunun aktiv iştirakçılarından olan «Yelo Bank» 2024-cü ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, hesabat dövründə «Yelo Bank» sabit artımını davam etdirib, əsas gəlir maddələri olan kredit portfeli və bank xidmətlərini böyüdüb, nəticədə ilboyu sabit gəlirlə işləyib.
«Təmiz» kredit portfeli böyüyür
Beləliklə, bankın kredit portfeli ilin əvvəlindən bəri 130 milyon manat artaraq 900 milyon manata yaxınlaşıb.
Ötən ilin eyni dövrü ilə müqayisə eləsək, artım 183 milyon manat və ya 25% təşkil edib.
Bankın bütün kredit növləri, o cümlədən əsas hədəfi olan biznes kreditləri sürətli artıb və yarım milyard manatı keçib – 556 milyon manat. İstehlak kreditləri 260 milyon, ipoteka kreditləri isə 82 milyon manat təşkil edib.
Kreit portfelinin artımının yarıdan çoxu da biznes kreditlərin payına düşüb – 73 milyon manat.
«Yelo Bank»ın kredit portfeli «təmizliyi» ilə seçilir – belə ki, 897 milyon manatlıq portfel üçün cəmi 18 milyon ehtiyat ayrılıb və xalis kredit portfeli 879 milyon olub.
Bankın aktivləri 1,2 milyard manat ətrafındadır
Hesabat dövrünün sonuna bankın nağd pul vəsaitləri 182 milyon manat təşkil edib, ilin əvvəli ilə müqayisədə bu vəsait təqribən 400 milyon manat daha azdır.
Ümumilikdə yanvar-sentyabr aylarında bankın aktivləri 1 milyard 177 milyon manat təşkil edib.
Fiziki şəxslərin əmanətləri 12% artıb
«Yelo bank»ın öhdəlikləri isə 1 milyard 43 milyon manat ətrafında sabitləşib. Öhdəliklərin əsas hissəsi depozit portfelinin payına düşür – 841 milyon manat.
Bu ilin əvvəlindən bankda fiziki şəxslərin əmanətləri 66 milyon manat və ya 12% artaraq 637 milyon manat, hüquqi şəxslərin depozitləri isə 204 milyon manat olub.
2024-cü ildə «Yelo Bank» kapitalını kəskin artırıb – bu ilin əvvəlində 99 milyon manat olan cəmi kapital hazırda 135 milyon manatdır.
Bankın aktivliyinin nəticəsi - gəlirlərdə 40%-lik artım
«Yelo Bank»ın biznesinin şaxələndlirilməsi üzrə son illər həyata keçirilən addımlar nəticəsin verməyə başlayıb – bankın gəlirləri kəskin artıb. İlk 3 rübdə bankın faiz gəlirləri 112 milyon olub ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 32 milyon manat və ya 40% artıqdır.
Faiz gəlirlərnin böyük hissəsi – 98 milyon manatı kreditlərdən daxil olan faiz ödənişləridir (20 milyon manat artım).
«Yelo Bank» digər banklarda yerləşdirilən depozitlərdən də ciddi gəlir götürüb – 13,6 milyon manat, bu əvvəlki ildən 7 dəfə artıqdır.
Əmanətçilərə 35 milyon manat faiz ödəyib
«Yelo Bank»ın faiz xərcləri də artaraq 40 milyon manata yaxınlaşıb, bu artımı bankın özü ilə yanaşı, «Yelo Bank» əmanətçiləri də hiss edib.
Belə ki, ilk 9 ayda «Yelo Bank» öz əmanətçilərinə 35 milyon manat əmanət faizi ödəyib (təqribən 10 milyon manat artım).
Bu artımlar nəticəsində «Yelo Bank»ın xalis faiz gəliri ilk dəfə olaraq 70 milyon manatı keçib (22 milyon manat artıb).
Qeyri-faiz gəlirləri 3 dəfə artıb
Amma bankın hesabatında ən maraqlı hissə qeyri-faiz gəlirləri ilə bağlıdır – bu maddə 3 dəfədən çox artaraq 24 milyon manatı keçib.
İlin əvvəlindən bəri bankda haqq və komissiya gəlirləri 2 dəfədən çox artıb, xaric valyuta əməliyyatlarından isə bank 9,4 milyon manat qazanıb.
Bankın qeyri-faiz xərcləri isə 12 milyon manat artıb – 52 milyon manatdan 64 milyon manata.
Artımın böyük hissəsi əməkhaqlarının payına düşüb - «Yelo Bank»da bu ilin ilk 9 ayında 36,5 milyon manat əmək haqqı verilib, əvvəlki illə müqayisədə artım 9,5 milyon manat və ya 35% təşkil edib.
Əməliyyat mənfəəti 9 dəfə, xalis mənfəət 2,5 dfə yüksəlib
Nəticədə hesabat dövründə bankın əməliyyat mənfəəti 10 dfəyə yaxın artaraq 30 milyon manatı keçib.
Əvvəlki illərdə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatların da qaytarılması nəticəsində bank 9 ayı 35 milyon manat xalis mənfətlə tamamlayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə və ya 22 milyon manat artıqdır. Xatırladaqki, 2023-ün 9 ayında «Yelo Bank»ın xalis mənfəəti 13,8 milyon manat idi.