Yelo Bank 2020-ci ilin ilk rübünə dair maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, ötən ilin birinci rübü ilə müqayisədə bankın aktivləri 11.5% artaraq 471.555 milyon manata çatıb.
Hesabat dövründə bankın kredit portfeli 321.481 milyon manat olub ki, bu da 56.8%-lik artımdan xəbər verir. Artımın əsas hissəsi biznes kreditlərinin hesabına təmin olunub. Ümumilikdə, kredit portfelində ticarətin payı 12.9%, emal sahəsinin - 9.8%, xidmət sektorunun - 6.3%, kənd təsərrüfatının - 5.4%, tikintinin - 3.8% təşkil edir.
Bankın məcmu kapitalı 61.4 milyon manat təşkil edir ki, bu da Mərkəzi Bank tərəfindən təyin olunan requlyativ normanı (50 milyon manat) üstələyir.
Maliyyə göstəricilərini şərh edən Yelo Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia bildirib: "Yelo Bank pandemiyanın ilkin mərhələsini biznesin bütün istiqamətləri üzrə sürətlə inkişaf edərək qarşıladı. Pandemiya dünyanın bütün ölkələrinin, o cümlədən Azərbaycanın iqtisadiyyatının bütün sahələrinə neqativ təsir etdi. Lakin həllər tapmaq Yelo Bankın dəyərlərindən biridir. Biz tez bir vaxtda yeni iqtisadi reallıqlara adaptasiya olmaq üçün bankın biznesini yenidən qurmağa başladıq. Yelo Bank müştərilərini dəstəkləmək üçün əlindən gələni edəcək. Çətinliklər hər kəsə aiddir və biz qarşılıqlı maraqları qoruyaraq onların öhdəsindən birgə gəlməliyik. Unutmayaq ki, hər böhran yeni imkanlar yaradır. Bankın dəstəklənməsi və onu artım fazasına qaytarmaq üçün Yelo Bankın səhmdarları kapital artımı hazırlayır. Eyni vaxtda biz iqtisadiyyatın müxtəlif sahələrinə dövlətin ciddi dəstəyinin şahidi oluruq və real sektorun kreditləşməsi üçün dövlət qurumları ilə əməkdaşlığı genişləndirməyə hazırıq".