Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsünə qoşulan Yelo Bankın səhmdarları ölkədə koronavirusun (Covid-19) yayılmasının qarşısının alınması ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərin dəstəklənməsi üçün 200 000 manat ayırıb.
FED.az xəbər verir ki, bu vəsaitdən 150 000 manatı artıq 2020-ci ilin martın 19-da yaradılmış Koronavirusla mübarizə fonduna köçürülüb.
Hansı şirkətlər Koronavirus Fonduna pul ayırıb - SİYAHI, MƏBLƏĞLƏR
"Yelo Bank Covid-19 ilə mübarizə istiqamətində ölkə rəhbərliyinin və hökumətin atdığı addımları dəstəkləyir. Hər kəs üçün çətin bir vaxtda biz həmrəylik nümayiş etdirməliyik. Biz Azərbaycan Respublikası prezidentinin təşəbbüsünü dəstəkləyirik, üstəlik, vətəndaşlarımızın sağlam və təhlükəsiz şəraitdə yaşamasının təmin olunması üçün əlimizdən gələni etməyə hazırıq", - deyə Yelo Bankın Müşahidə Şurasının sədri Marina Kulişova bildirib.
Bankın rəhbəri onu da əlavə edib ki, Yelo Bank virusa yoluxma hallarının qarşısının alınması, müştərilərinin və əməkdaşlarının sağlamlığının təmin olunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatları əsasında bütün təhlükəsizlik tədbirlərinə riayət edir, bu istiqamətdə maarifləndirmə işlərini davam etdirir.