Azərbaycanın bank sektorunun aktiv iştirakçılarından olan «Yelo bank» 2024-cü ilin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, bank ötən ili xalis mənfəətini 2 qat artımı ilə başa vurub.
Bankın açıqladığı hesabata əsasən, 2024-cı ildə «Yelo bank»ın faiz gəlirləri təxminən 40 milyon manat artaraq ötənilki 112 milyondan 151 milyon manata sıçrayıb. Faiz gəlirlərinin 134 milyon manatı «Yelo Bank»ın sürətlə böyüyən kredit portfeli təmin edib.
Daha 15 milyon manat isə başqa banklardakı depozitlərdən daxil olub, digər faiz gəlirləri maddələri o qədər də böyük deyil.
Bankın faiz xərcləri isə 10 milyon manat artaraq 53,8 milyon manata yüksəlib. Faiz xərclərinin böyük hissəsi – 48,5 milyon manatı «Yelo bank»dakı əmanət sahiblərinə ödənilib. 2023-cü illə müqayisədə əmanət sahiblərinin qazancı təxminən 11 milyon manat artıb. Daha 4,6 milyon manat faiz xərcini isə «Yelo Bank» cəlb etdiyi kreditlərə görə faiz kimi ödəyib.
Nəticədə 2024-cü il ərzində «Yelo bank»ın xalis faiz gəliri 94,3 milyon manata çatıb. Bu əvvəlki ilin göstəricisindən 27 milyon manat və ya 40% artıqdır.
2024-cü ildə «Yelo bank»ın qeyri-faiz gəlirləri kəskin artıb, 3 dəfəlik artımdan sonra bu məbləğ 31 milyon manatı keçib. Bu fərqin böyük hissəsi – 12 milyon manatı xarici valyuta ilə əməliyyatlardan daxil olub. Bankın müştərilərinin aktivliyini göstərən haqq və komissiya gəlirləri isə 9 milyon manat artaraq 9 milyondan 17 milyona yüksəlib.
«Yelo bank» 2024-də qeyri-faiz xərclərini də artıraraq 70 m milyondan 87 milyona çatdırıb. Bu artımın böyük hissəsi işçilərin əmək haqqının artımı ilə bağlıdır – bir il ərzində bank işçilərinin əmək haqqı fonda 35 milyondan 49 milyon manata yüksəlib. Ötən il «Yelo bank» əvvəllər ehtiyatlar üçün ayrılmış təqribən 8 milyon manatı da geri qaytğarıb, nəticədə vergidən əvvəlki mənfəət 47,7 milyon manata, xalis mənfəət isə 43,3 milyon manata çatıb. Bu əvvəlki ildən 2,5 dəfə artıqdır, 2023-cə «Yelo bank» səhmdarlarına 20 milyon qazandırmışdı.
2024-cü ilin sonuna «Yelo bank»ın aktivləri 1 milyard 279 milyon manat olub, bu 2023-cü illə müqayisədə təqribən 300 milyon manat azdır. Aktivlərdə azalma nağd pul vəsaitərində qeydə alınıb, təxminən 450 milyon manat.
Əvəzində ötən il «Yelo bank»ın kredit portfeli sürətlə böyüyərək 1 milyard manat yaxınlaşıb – 935 milyon manat. Bankda bütün növ kreditlərdə artım var – istehlak kreditləri 26% artaraq 263 milyon manata, ipoteka kreditləri 11 milyon manat artaraq 84 milyon manata yüksəlib. «Yelo bank» qiymətli kağızlara o qədər həvəs göstərmirdi, ötən il bu yatırım bir qədər də azalaraq 5 milyona düşüb.
Bankın öhdəliklərində də 300 milyon manat yaxın azalma olub ki. Bu da depozit portfelindəki dəyişikliklə bağlıdır. «Yelo bank»da hüquqi şəxslərin depozitləri təqribən 200 milyon manata ensə də, fiziki şəxslərin əmanətlərində 160 milyon manat artım olub – 730 milyon manata çatıb.
2024-cü ilin sonuna «Yelo bank» kapitalını 50 milyon manat yaxın artıraraq 143 milyona çatdırıb. Bu ilki mənfəət bankın kapitalındak yığılmış zərəri 44 milyon azaldaraq 244 milyon manata endirməyə imkan verib.