Azərbaycan Respublikası Prezidentinin 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fonduna vəsaitlərin onlayn qaydada köçürülməsi üçün Azərbaycan Beynəlxalq Bankı lazımi texniki imkanları təmin edib.
Eləcə də bax: Beynəlxalq Bank işğaldan azad edilən ərazidə - Hadrutda ilk bankomatını quraşdırdı
FED.az xəbər verir ki, vətəndaşlar Fonda köçürmələrini Bankın bütün filial və şöbələrində bu rekvizitlərlə, eyni zamanda internet səhifəsində yaradılmış xüsusi bölmədən onlayn qaydada həyata keçirə bilərlər.
“YAŞAT” Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondudur. Belə bir qurumun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır. Bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi də “YAŞAT” Fondunun məqsədlərinə daxildir.
Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi ianələr, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti isə Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.