"YapıKredi Bank Azərbaycan" QSC müştərilərə verdiyi istehlak kreditlərinin illik faiz dərəcəsini daha 1 faiz bəndi artırıb.
Hazırda kreditlər fiziki şəxslərə illik 28%-lə ayrılır. İndiyə qədər faiz dərəcəsi 27% olub. Bu, son bir ayda "YapıKredi Bank Azərbaycan"ın istehlak kreditlərinin bahalaşdırılması ilə bağlı atdığı 2-ci addımdır. Sentyabrın əvvəlində Bank kreditlərin illik faiz dərəcəsini 25-26%-dən 27%-ə çatdırıb.
Qeyd edək ki, istehlak kreditlərinin minimum məbləği 300 manat, maksimum məbləği isə 10 000 manatdır. Kreditləri 3 ilə qədər müddətə götürmək mümkündür.
Xatırladaq ki, "YapıKredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 46 810 703,9 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 0,02 manat olan 2 340 535 194 səhm əsasında formalaşıb. Səhmlərin 99,8%-i Türkiyənin "YapıKredi Bankı"na, 0,01%-i "YapıKredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01%-i isə "YapıKredi Finansal Kiralama" şirkətinə məxsusdur.