30 iyun 2025-ci il tarixinə “Yapı Kredi Bank Azərbaycan”ın faiz gəlirləri 23 milyon 149 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 1 milyon 868 min manat və ya 8,8% artım deməkdir.
Faiz gəlirlərinin əsas hissəsini – 16 milyon 459 min manatını müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 781 min manat və ya 12,1% artıb.
Hesabat dövründə bankın ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 676 min manat (26,7%) artaraq 3 milyon 205 min manata çatıb. Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri isə 150 min manat (5,5%) artaraq 2 milyon 885 min manat olub.
Bunun əksinə olaraq, banklara və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 737 min manat və ya 55,2% azalaraq 598 min manata enib.
Xatırladaq ki, 30 iyun 2024-cü il tarixində “Yapı Kredi Bank Azərbaycan”ın faiz gəlirləri 21 milyon 281 min manat təşkil etmişdi.