Uzun illərdir uğurla fəaliyyətini davam etdirən “Yapı Kredi Bank Azərbaycan” QSC cari ilin üçüncü rübünü 1.6 mln manat xalis mənfəətlə başa vurmuşdur.
FED.az xəbər verir ki, bankın 2020-ci ilin üçüncü rübünə dair açıqladığı hesabata əsasən xalis faiz gəlirləri 19.8 mln AZN olmuşdur.
Yapı Kredi Bank Azərbaycan ölkədə real sektorunun dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirmişdir. 3-cü rübün sonu üzrə kredit portfeli 149.6 mln manat təşkil etmişdir və kredit portfelinin iqtisadi sahələr üzrə strukturuna nəzər yetirdikdə bankın əsasən qeyri-neft sektorunu əhatə edən çoxşaxəli maliyyələşdirmə həyata keçirdiyinin şahidi olmaq olar.
Bankın kapital göstəriciləri kifayət qədər qənaətbəxşdir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın tutulmalardan sonra I dərəcəli kapitalı artaraq 71.1 mln AZN, məcmu kapitalı isə artaraq 74,1 milyon AZN olmuşdur.
Eyni dövrdə I dərəcəli kapitalın adekvatlıq əmsalı artaraq 45%-ə, məcmu kapitalın adekvatlıq əmsalı 47%-ə çatmışdır. Qeyd edək ki, bu göstəricilər yerli qanunvericiliyin minimal tələbindən dəfələrlə çoxdur.
Yapı Kredi Bank Azərbaycan Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.