Əcnəbi banklardan kredit götürmək olar? Bunun üçün hansı şərtlər və qaydalar var?
İqtisadçı ekspert Cəfər İbrahimli bunun mümkün olduğunu bildirir.
Sıradan bir vətəndaşın xarici banklara müraciət edib kredit götürməsi bir qədər çətin prosesdir. Çünki vətəndaşların gəlirlərinin təsdiq olunması və ya o ölkədə hər hansı bir yaşamaq icazəsinin olması kimi tələblər var. Lakin əcnəbi bankdan kredit götürən şəxs, kredit götürdüyü bankın yerləşdiyi ölkədə işləməsi ilə bağlı sənədi olarsa və gəlirini göstərə bilərsə o zaman mümkündür deyə Cəfər İbrahimli bildirib.
Əsasən ölkələr vəsaitləri daha çox bank sektoru üzərindən ölkəyə cəlb edirlər. Bunu da şəffaf maliyyə hesabatları olan şirkətlər edə bilər. Belə şirkətlər dünyada fəaliyyət göstərən istənilən bank və ya kredit təşkilatından kredit götürə bilərlər.
Kredit üçün müraciətə o zaman müsbət cavab verilir ki, müraciət edənin maliyyə göstəriciləri tələblərə cavab versin.
İkinci ən böyük vəsait cəlb etməyin yollarından biri , xarici banklardan kredit alıb və ya xarici bazarlarda istiqraz emissiya edərək vəsait cəlb etməkdir . Hansıki bu Azərbaycan praktikasında da olub. Bu praktika 2010-2011-ci illərdə iqtisadi böhranın dərinləşdiyi bir vaxtda baş verib deyə ekspert bildirib.
Cəfər İbrahimlinin sözlərinə görə, hazırda əcnəbi şirkətlərə krediti daha çox ABŞ və Avropa bankları verir. Bu ölkələrin banklarında izafi likvidlik çox yuxarıdır. Azərbaycana Avropa bazarı yaxın olduğundan daha çox Avropa banklarından vəsait cəlb olunur.
Hazırda Avropa banklarında kredit faizləri aşağıdır. Tələblərə cavab verən şirkətlər 2-3% li kredit cəlb etmək imkanına malik olurlar.
İndi yerli banklarımız və şirkətlərimiz üçün dollarda 2% kredit götürmək bir qədər çətindir . Amma şərtlərə cavab verən banklar və şirkətlər bir az da aşağı faizli kredit cəlb edə bilərlər deyə Cəfər İbrahimli qeyd edib.