Azərbaycan bank sektorunun lideri olan Azərbaycan Beynəlxalq Bankı ölkə tarixində ən böyük İPO-ya – səhmlərin ictimaiyyətə satışına yekun vurub.
ABB səhmlərinin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi -TAMAMLANDI!
FED.az xəbər verir ki, İPO nəticəsində ABB-nin səhmdarlarının sayı 35 min nəfərə çatıb ki, bu da ölkədə ən böyük səhmdara malik olan qurum deməkdir.
«Bu gün ABB üçün də, ölkəmizin kapital bazarları üçün də tarixi bir gündür» - bu barədə ABB-nin idarə heyətinin sədri Abbas İbrahimov məlumat paylaşıb.
«Bankımızın səhmlərinin yerləşdirilməsi prosesi 24 sentyabr 2024-cü ildə başa çatdı. Nəticələri media nümayəndələri üçün keçirdiyimiz brifinqlə cəmiyyətimizə təqdim etdik.
“ABB Bizik” şüarı ilə başladığımız bu yolda məqsədimiz daha çox sayda vətəndaşımızı Bankımıza səhmdar qismində cəlb etmək idi.
Nəticələr məqsədimizə çatdığımızı göstərir.
3 aylıq abunə yazılışı prosesində 33 mindən artıq investordan 50 minə yaxın sifariş qeydə alındı və bütün sifarişlər uğurla icra olundu.
Beləliklə səhmdarlarımızın sayı 1794 nəfərdən 35,105 nəfərə yüksəldi!
Mahiyyətcə bu, əsl xalq IPO-su - səhmlərin kütləvi yerləşdirilməsidir»-deyə bankın sədri bildirib.
Bank sədri bildirib ki, artıq bankın yeni səhmdlarları yeni ildən qazanc götürməyə başlayacaqlar: Yeni səhmdarlarımız da bu ilin nəticələrinə görə 2025-ci ildən dividend almağa başlayacaqlar. Bütün səhmdarlarımızı təbrik edir, bu prosesdə bizə dəstək olan tərəfdaşlarımıza, prosesin uğurla həyata keçirilməsinə əmək sərf etmiş ABB komandasına təşəkkürümüzü bildirirəm».