Azərbaycanın aparıcı banklarından olan «Xalq Bank» 2020-ci ilin 3-cü rübü üzrə hesabatını açıqlayıb.
Banklar 2020-ci ilin 3-cü rübünü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
FED.az bankın məlumatlarına istinadən xəbər verir ki, 3 rüb ərzində bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% azalaraq 78 milyon 970 min manat olub (ötən ilin eyni dövründə 86 512 min manat idi).
Bankın faiz xərcləri isə 3,8% artaraq 14 milyon 762 min manat olub.
İlk 9 ayda bankın qeyri faiz xərcləri 23,5 milyon manat olub. Bu əvvəlki ilin eyni dövrünə nisbətən 70% artıqdır. Əvəzində bankın qeyri-faiz xərcləri 1% azalaraq 37 milyon manata düşüb.
Nəticədə bankın əməliyyat mənfəəti 45 milyon 920 min manat olub.
«Xalq Bank» bu vəsaitin 14 milyon manatını aktivlər üzrə mümün zərərlərin ödənilməsi üçün ehtiyat kimi ayırıb. Bu göstərici ötən illə müqayisədə təqribən 3 dəfə artıb. Ötən il bank bu məqsədlə 5 milyon 410 min manat ayırmışdı. Ehtiyat ayırmaların artımı bankın kredit portfeli ilə bağlı risklərin yüksəlməsinin əlamətidir.
Bankın vergidən əvvəlki mənfəəti təqribən 32 milyon manat olub, bunun 6 milyon manatını mənfəət vergisi kimi ödədikdən sonra, «Xalq Bank»ın xalis mənfəəti 25 milyon 935 min manat olub. Bu ötən ilin eyni dövrünə nisbətən 5,8% artıqdır.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, oktyabrın 1-ə «Xalq Bank»ın cəmi aktivləri 2 milyard 295 milyon 228 min manat təşkil edib. Bu ötən ilin sonu ilə müqayisədə 5,4% artıqdır.
Kredit portfelində azalma var
İlin əvvəlindən keçən 9 ay ərzində «Xalq Bank»ın kredit portfeli 4,6% azalaraq 1 milyard 503 milyon manata çatıb.
Bu dövrdə bankın qiymətli kağızlara yatırımlar demək olar ki, dəyişməyib – 156 milyon manatdan 154 milyon manata enib. Bununla yanaşı, bankın yatırım etdiyi qiymətili kağızlar arasında xarici valyutada olan kağızların həcmi 2,2 dəfə artaraq 91,7 milyon manata yüksəlib. Halbuki, bu ilin əvvəlində bank xarici valyutada olan qiymətli kağızlara cəmi 41,7 milyon manat yatırım etmişdi.
Bankın öhdəlikləri də artıb
İlk 9 ayda «Xalq Bank»ın öhdəlikləri 5% artaraq 1 milyard 857 milyon 575 min manat təşkil edib. Bankdakı depozit portfeli isə bu dövrdə 8,4% artaraq 1 milyard 539 milyon 470 min manat təşkil edib.
Bankın cəmi kapiitalı 437 milyon 653 min manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 7,2% artım deməkdir.