«Xalq Bank» ASC 2020-ci ilin yanvar-avqust ayları üzrə hesabatını açıqlayıb.
Eləcə də bax: «Muğanbank»ın vəziyyəti məlum oldu - HESABAT
FED.az xatırladır ki, ölkənin digər bnaklarından fərqli olaraq «Xalq Bank» maliyə göstəricilərini hər ay açıqlayır.
FED.az-ın məlumatına görə, ilk 8 ayda «Xalq Bank»ın faiz gəlirləri 70 milyon 717 min manat (ötən ilin eyni dövrünə nisbətən 3,2% azalma), faiz xərcləri 13 milyon 93 min manat (3,8% artıb), xalis faiz gəliri 52 milyon 821 min manat (1,3% artıb) təşkil edib.
Bankın qeyri-faiz gəlirləri 21 milyon 549 min manat (56% artıb), qeyri-faiz xərcləri 33 milyon 115 min manat (1% azalma) təşkil edib.
Nəticədə ilk 8 ayın nəticələrinə görə bankın əməliyat mənfəəti 41 milyon 254 min manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövründən 26,8% artıqdır.
Bununla yanaşı, bank bu il mümkün zərərlərdən ehtiyatlara ikiqat artıq vəsait ayırıb – 12 milyon 762 min manat. Bu da əvvəlki ildən 2,1 dəfə artıqdır.
5,3 milyon manat vergi ödənildikdən sonra «Xalq Bank»ın xalis mənfəəti 23 milyon 236 min manat təşkil edib.
Bu ötən illə müqayisədə təqribən 5% artıqdır.
Bu il «Xalq bank»ın aktivləri azalıb. Hesabata görə, avqustun sonuna bankın cəmi aktivləri 2 milyard 284,2 milyon manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 174 milyon manat və ya 7% azdır.
Aktivlərin azalması kredit portfelinin kiçilməsi ilə bağlıdır. Avqustun sonuna «Xalq Bank»ın kredit portfeli 1 milyard 529 milyon manat təşkil edib. İlin əvvəlindən kredit portfeli 270 milyon manat və ya 15% azalıb.
Bankın öhdəlikləri 1 milyard 849 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 190 milyon manat və ya 9,3% azdır.
Öhdəliklərin azalması depozit portfelinin kiçilməsi nəticəsində baş verib. Avqustun sonuna bankdakı depozitlər 1 milyard 533 milyon manat olub. Bu ilin əvvəlindən depozitlər 182 milyon manat və ya 10,6% azalıb.