Xalq Bank III rübün yekunlarını açıqlayıb.
Bankdan FED.az-a daxil olmuş məlumatda bildirilir ki, 2020-ci ilin III rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl banklarından biri olan ASC “Xalq” Bankının aktivləri ötən bir il ərzində 117.86 milyon manat (5.41%) artaraq 2 milyard 295.22 milyon manat təşkil edib. Bankın cəmi kapitalı isə cari il ərzində 29.27 milyon manat (7.17%) artaraq 437.65 milyon manata çatdırılıb.
Bankın kredit portfeli 1 oktyabr tarixə 1 milyard 550.72 milyon manat, müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi isə 1 milyard 539.47 milyon manat təşkil edib.
Bank III rübü 25.94 milyon manat xalis mənfəətlə başa vurmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.78% daha artıqdır.
"Maliyyə-təsərrüfat fəaliyyətinin cari ilin doqquz ayının nəticələri Xalq Bankın ölkənin maliyyə sektorunun lider banklardan biri olduğunu bir daha təsdiqləyir və Bankın mövqelərinin daha da möhkəmləndiyini söyləməyə əsas verir",- məlumatda deyilir.