2019-cu ilin üçüncü rübü ərzində maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım tempini qorumuşdur. Belə ki, cari ilin sentyabr ayının sonuna aktivlərin həcmi ötən ilin sonu ilə müqayisədə 169.19 mln manat (8,43%) artaraq 2 177.37 mln manata çatmışdır.
FED.az xəbər verir ki, bankın müştərilərə verilən kreditlərinin həcmi 192.17 mln manat (13,9%) artaraq 1 547.77 mln manat təşkil etmişdir. Müştərilərdən cəlb olunan depozitlərin həcmi 160.39 mln manat (12,73%) artaraq 1 419.80 mln manata çatıb.
Eləcə də bax: İş adamları üçün 4-8%-lə akkreditiv – BANKDAN TƏKLİF
Qeyd etmək lazımdır ki, bankın maliyyə-təsərrüfat fəaliyyətində müşahidə olunan müsbət trend, əsasən gəlir gətirən aktivlərin diversifikasiyası, yeni müştərilərin cəlb olunması, əməliyyat gəlirlərinin artırılması və xərclərin optimallaşdırılması nəticəsində yaranmışdır.
Eləcə də bax: Banklar 3 rübü necə başa vurdu - MƏNFƏƏT- ZƏRƏR - SİYAHI
Qeyd olunan dövr ərzində Bankın faiz gəlirləri ötən ilin anoloji dövrünə nisbətən 365.9 min manat (0,45%) artaraq 82.51 mln manat, faiz xərcləri isə 3.3 mln manat (18,84%) azalaraq 14.21 mln manat təşkil etmişdir. Qeyri-faiz gəlirləri isə 9.99 mln manat (251,52%) artaraq 13.96 mln manat, qeyri-faiz xərcləri isə 6.76 mln manat (22%) artaraq 37.26 mln manat təşkil etmişdir. 2019-cu ilin doqquz ayı ərzində Xalq Bank öz mənfəətliliyini qoruyub saxlamış və ötən ilin anoloji dövrü ilə müqaisədə 6.56 mln manat (36.52%) artım nümayiş etdirərək ilin ilk üç rübünü 24.52 mln manat xalis mənfəətlə bitirmişdir. Bankın cəmi kapitalı сari ilin 9 ayı ərzində 125.91 mln manat (44.57%) artaraq 408.39 mln manata çatmış, nizamnamə kapitalı isə 364.77 mln manat təşkil etmişdir.