Azərbaycanın bank sektorunun liderlərindən olan «Xalq Bank» Bakı Fond Birjasına üzv olub.
FED.az xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayıb.
Birjanın məlumatına görə, «Xalq Bank»ın müraciətinə əsasən 25 avqust 2025-ci il tarixindən bank Bakı Fond Birjasının üzvlüyünə qəbul edilib.
Bununla da Bakı Fond Birjasına üzv olan şirkətlərinin sayı on üçə yüksəlib.
Qeyd edək ki, ASC «Xalq Bank» ölkədə investisiya xidmətləri həyata keçirilməsinə lisenziya alan ilk bankdır.
Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 07 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasına əsasən ASC «Xalq Bank»a investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə icazə verilib.
Bu mühüm addım ölkənin bank sektorunda yeni bir mərhələnin başlanğıcını qoyur. Bu lisenziya «Xalq Bank»a ASC-ə geniş spektrli maliyyə xidmətləri təqdim etmək imkanı verəcək. Bununla da, müştərilərinə kapital bazarlarında geniş imkanlar açan Xalq Bank onlara qiymətli kağızlarla əməliyyatların aparılması və digər kapital bazarı xidmətlərini bank vasitəsilə həyata keçirmək imkanı qazandıracaq.