Bizim hədəfimiz odur ki, həm istehlakçı, həm işgüzar tərəfdən təsərrüfat subyektləri üçün optimallaşdırılmış bir tarif siyasətini həyata keçirək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, nununla bağlı 18 mart tarixində İdarə Heyəti tərəfindən verilmiş qərara əsasən interçeyclərin yuxarı həddi 0,25 faiz bəndi aşağı salınıb və artıq iyun ayından bu qüvvəyə minib:
"Biz düşünürük ki, bu da təsərrüfat subyektlərində olan xərclərlə bağlı öz müsbət təsirini göstərəcək".
Sədr müavini bildirib ki, paralel olaraq isə ani ödənişlər sistemində ciddi işlər aparılmaqdadır:
"Ani ödənişlər sisteminin əhatə dairəsi genişləndirilməkdədir. Cəmi bir il öncə milli ödənişlər sistemində ani ödənişlərin payı 2,4% təşkil edirdi. Son may ayının biz statistikasına baxsaq, bu artıq 54% edir. Yəni milli ödəniş sistemində ani ödənişlər sisteminin payı 54%-ə çatdı. Bu, özü böyük bir nəticədir və bu nəticədə həm Mərkəzi Bankın siyasət nəzarət prizmasından, həm texnoloji mükəmməllik prizmasından, həmçinin məhsuldarlıq prizmasından böyük işlər görülüb. Eyni zamanda mən sektorun da gördüyü işi vurğulamaq istəyirəm ki, kifayət qədər intensiv və sıx müddətdə keyfiyyətli bir iş ərsəyə gəldi. Və bu əhatə dairəsinin davamlı genişləndirməsini biz gözləyirik. Yəni bu rəqəmlərin daha da yüksək olması proqnozlaşdırılır".














