Azərbaycanın aparıcı banklarından olan «VTB Bank Azərbaycan»ın 2023-cü ilin yanvar-mart aylarında gəlirləri və mənfəəti artıb. Bank daha da böyüyüb.
Azərbaycan bankları 1-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
FED.az «VTB Bank Azərbaycan»ın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin 1-ci rübündə «VTB Bank Azərbaycan»ın faiz gəlirləri yarım milyon manat artaraq 6,8 milyon manata yüksəlib.
Bunun 5,5 milyon manatı kredit portfelindən daxil olan faiz gəlirləri olub.
Banklara verilən kreditlərdən 800 min manat, qiymətli kağızlardan isə 400 min manat vəsait daxil olub.
Bankın faiz xərcləri isə 1 milyon 773 min manat olub ki, onun da 1 milyon 478 min manatı bankdakı depozit sahiblərinə ödənilən faizlərdir.
Nəticədə rübün sonuna bankın xalis faiz gəlirləri 4,7 milyon manata yüksəlib.
1-ci rübdə «VTB Bank Azərbaycan»ın qeyri-faiz gəlirləri 1,4 milyon manat olub. Ötən ilin eyni dövründə bu göstərici 4 dəfəyə yaxın artıq idi.
Bank bu dövrdə komissiya haqlarından 500 min manat, valyuta ilə əməliyyatlardan isə 800 min manat əldə edib.
Hesabat dövründə «VTB Bank Azərbaycan»ın qeyri-faiz xərcləri 6,1 milyon manat təşkil edib.
Bu dövrdə bank əməkdaşlarına verilən maaşların həcmi 400 min manat artaraq 3,6 milyon manata yüksəlib. Ümumi inzibati xərclər isə 1,75 milyon manat olub.
Nəticədə «VTB Bank Azərbaycan» 1-ci rübü 56 min manat əməliyyat mənfəəti ilə tamamlayıb.
2 milyon 857 min manat isə əvvəlki dövrlərdə mümeün zərərlər üçün ayrılmış ehtiyatlardan geri qaytarılıb.
«VTB Bank Azərbaycan» rübü 2 milyon 914 min manat xalis mənfəətlə tamamlayıb.
1-ci rübdə bankın aktivləri ötən ilin sonu ilə müqayisədə 9,6 milyon manat və ya 4% artaraq 248 milyon 078 min manata yüksəlib.
Kredit portfelində artım davam edir
2023-cü ilin 1-ci rübündə «VTB Bank Azərbaycan»ın kredit portfeli 8 milyon manat və ya 5% artaraq 167,9 milyon manata yüksəlib.
Bu dövrdə ən sürətli artım biznes kreditlərində baş verib – 4,5 milyon manat artaraq 54,5 milyon manata yüksəlib. İstehlak kreditləri 1,4 milyon manat artaraq 71,8 milyon manata, daşınmaz əmlak kreditləri isə təqribən 2 milyon manat artaraq 41,5 milyon manata yüksəlib.
Banklar və digər maliyyə qurumlarına verilən kreditlər isə 10 milyon manat artaraq 33 milyon manata yüksəlib.
Rübün sonuna «VTB Bank Azərbaycan»ın qiymətli kağızlara investisiyası 22,3 milyon manat təşkil edib.
Hesabat dövründə bankın öhdəlikləri 6,5 milyon manat yəni, 4,1% artaraq 164,8 milyon manata yüksəlib.
«VTB Bank Azərbaycan»ın depozit portfeli 10 milyon manat artaraq 100 milyon manatı keçib – 104,9 milyon manat.
Bankda fiziki şəxslərin depozitləri demək olar dəyişməyib 63 milyon manat. Əvəzində hüquqi şəxslərin depozitləri 10 milyon manat artaraq 31 milyondan 41 milyon manata yüksəlib.
2023-cü ilin 1-ci rübündə bankın cəmi kapitalı 3 milyon manatdan çox, yəni 3,8% artaraq 83,3 milyon manat təşkil edib.