"Problemli kreditlərin restruktizasiya edilməsi üçün Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin iştirakı ilə vahid kredit müqaviləsi forması hazırlanıb".
FED.az xəbər verir ki, bu sözləri AzTV-nin "Günün nəbzi" verilişinin efirində Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov bildirib.
Eləcə də bax: Palata: Apelyasiya Komissiyasından narazı qalanlar məhkəməyə müraciət edə bilər
"Vahid müqavilə restruktizasiya prosesinin sürətli olmasına imkan verəcək", - deyə o qeyd edib.
Bundan başqa, Palata rəsmisinin sözlərinə görə, yeni və güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanması vətəndaşların kredit tarixçəsinin də tədricən yaxşılaşmasına da imkan yaradacaq: "Əgər restruktizasiyadan sonra vətəndaş vaxtında ödəniş edərsə, bankın ona yönəlmiş bu aktivi yaxşılaşmağa başlayacaq və tədricən problemli siyahıdan çıxaraq borclan üçün də kreditə əlçatanlıq imkanlarını yaxşılaşdıracaq. Yəni kredit tarixçəsi vətəndaşın ödəniş qabiliyyətini göstərir və ödənişlər barədə bütün məlumatlar ümumi bazada toplanılır.
Tarixçəni yaxşılaşdırmanın yeganə yolu ardıcıl ödəniş etmək və ödəniş qabiliyyətinin yaxşılaşdığını kredit təşkilatlarına sübut etməkdir. Son nəticədə maliyyə qurumları həmin şəxsə yenidən kredit verməkdə maraqlı olacaqlar. Bunun üçün də kifayət qədər imkan mövcuddur. Çünki restruktizasiya nəticəsində yeni kreditlər olduqca yüngül şərtlərlə - 5 il müddətinə və illik cəmi 1%-lə verilir. Hesab edirik ki, bu şərtlərlə ödəniş etməyə vətəndaşların imkanları var və onlar vaxtında ödəniş edərək kredit tarixçələrini yaxşılaşdıracaqlar".