Rusiyada qəbul olunması gözlənilən yeni qanuna əsasən vətəndaşlar özləri üçün kredit qadağası qoya biləcəklər.
Yəni vətəndaşlar özlərinə kredit götürməyi qadağan edəcəklər. Yeni qanun artıq Rusiya parlamentindədir – Dumada baxılır və qəbul olunsa yeni qayda 2024-cü ilin ortalarından işə düşəcək.
Dumanın Maliyyə Bazarları və Banklar Komitəsinin sədri Anatoli Aksakov bildirib ki, rusiyalılar 2024-cü il iyunun 1-dən özlərinə kredit götürməyi qadağan edə biləcəklər.
Onun sözlərinə görə, dövlət xidmətləri portalının bu məlumatlarla işləməyə hazır olması üçün vaxt lazımdır.
Maliyyə ekspertləri qeyd edir ki, Rusiya əhalisinin 2/3 hissəsi yüksək borc yükü zonasındadır, yeni verilən istehlak kreditlərinin əhəmiyyətli bir hissəsi əvvəllər götürülmüş borclara xidmət göstərməyə gedir.
Yeni qanuna əsasən vətəndaş özünə kredit qadağası qoyubsa, bu onun kredit tarixçəsində görünəcək. Yəni bank hansısa vətəndaşın adından kredit müraciəti alıbsa və onun kredit tarixçəsinə baxarsa qadağanı görəcək və kredit verməkdən imtina edəcək, yəni avtomatik olaraq ərizəni rədd edəcəkdir.
Hazırda belə qadağa qoymaq asan deyil – bunun üçün məhkəməyə müraciət etməli və tibb orqanları tərəfindən təsdiqlənmiş, psixi pozğunluğun olmaması barədə arayış təqdim etmək tələb olunur.
Könüllü qadağa yalnız banklar və ya mikromaliyyə təşkilatları tərəfindən təqdim edilən məhsullara və yalnız təminatsız kreditlərə şamil edilir. İpoteka və ya avtomobil kreditlərinə şamil edilmir.
Vətəndaşlar belə qadağanı dövlət xidmətləri portalı vasitəsilə qoya biləcəklər.
Belə qadağanın tətbiq edilməsi ideyası son illər Rusiyada kredit fırıldaqçılığının artması ilə bağlıdır. Son dövrlər müxtəlif elektron məlumatlardan istifadə etəklə vətəndaşın adına ondan xəbərsiz kredit götürülməsi halları artır.
Fırıldaqçılar belə məlumatlardan fəal şəkildə istifadə edir və insanları onların xəbəri olmadan kreditlə «yükləyirlər». Təkcə 2022-ci ildə bank proqramları və onlayn bankçılıq vasitəsilə ümumi məbləği 9 milyard rubldan çox olan 226 mindən çox fırıldaq əməliyyatı həyata keçirilib. Üstəlik, hər 10 hadisədən 7-də cinayətkarlar öz qurbanlarına psixoloji cəhətdən təsir edib və qarşı tərəf onlara pulu könüllü köçürüb.
Yeni qanun da belə halların qarşısını almalıdır. Qanuna görə, vətəndaş özünə istədiyi qədər qadağa qoya və ləğv edə bilər, bununla bağlı məhdudiyyət yodur.
Kredit qadağasının digər üstünlüyü məsələn pasportun itirilməsi zamanı kiminsə ondan istifadə edərək kredit götürməsinin qarşısını almaqdır. Qadağa olduqda heç bir halda kredit verilmir və vətəndaş maliyyə fırıldağından qorunur. Eləcə də kredit qadağası insanları düşüncəsiz kredit aludəçiliyindən qorumalıdır.